7.3. Budamanın qaydası
Budama təsərrüfatçı üçün əhəmiyyətli olsa da, bu əməliyyatdan sonra ağac zədələnmiş hesab olunur. Budanmış ağac bir çox xəstəliklər və zərərvericilər üçün həssaslaşır. Nasaz paslanmış alətlərlə budama aparmaq olmaz. Bu, budanılan nahiyənin didilməsinə və digər arzuolunmaz zədələrin meydana çıxmasına səbəb olur. Bunun üçün də budama işlərinə başlamazdan qabaq budama alətlərini gözdən keçirmək lazımdır. Bıçaqları və mişarları lazım gələrsə, bağ qayçısının kəsici tiyəsini itiləmək lazımdır. Bu tədbirlə ağacın kəsilmiş nahiyəsinin tez bərpa olunması və arzuolunmaz başqa zədələnmələrin meydana çıxmasının qarşısı alınır.
Cavan budaqlar və zoğlar bağ qayçısı və ya bağ bıçağı ilə kəsilir. Kəsim sonuncu tumurcuğun üst tərəfindən arxa tərəfinə doğru, maili xətt üzrə aparılır.
Kəsimin aşağısı tumurcuğun arxa tərəfində onun əsası ilə, yuxarısı isə tumurcuğun təpəsi ilə bir üfüqi xətdə yerləşməlidir. Cavan budaq və zoğlar dibdən kəsilərkən, xüsusən, ehtiyatlı olmaq tələb olunur. Çünki onların gövdədən ayrılma bucaqları müxtəlif olduğundan heç də həmişə düzgün kəsim aparmaq mümkün olmur (Şəkil 7.4 və Şəkil 7.5). Kəsim yeri zoğun və ya budağın gövdəyə birləşdiyi yerdə, tumurcuqların açılması zamanı pulcuqların tökülməsindən yaranmış halqaya bənzər çıxıntıya görə müəyyənləşdirilir. Kəsimin bundan yuxarı aparılması (kötükcük saxlanması) yatmış və ya əlavə tumurcuqların oyanmasına və çoxlu zoğ əmələ gətirməsinə səbəb ola bilər. Dərin aparılan kəsim isə gövdənin zədələnməsinə və ölü toxumalı oyuq əmələ gəlməsinə gətirib çıxara bilir.
Nisbətən yaşlı və yoğun budaqların kəsilməsi zaman isə daha diqqətli olmaq tələb olunur. Çünki düzgün aparılmayan kəsim nəticəsində budaq öz ağırlığı ilə əyilərək qırılır və bu zaman birləşdiyi gövdə və ya skelet budağını da ciddi şəkildə zədələyir. Belə iri budaqlar hissə ilə kəsilməlidir (Şəkil 7.6).