7.2. Budamanın vaxtı
Bütün il boyu budama işləri tətbiq edilə bilər. Budama bağdakı bitkinin vəziyyətindən asılı olaraq təşkil edilir. Bağdakı ağacların sabit formada qalmaması, dəyişən iqlim şəraiti ilə bərabər formalaşması budamanın xarakterinə də müəyyən təsir göstərir.
Payızda yarpaqların normal fizioloji vəziyyətdə tökülməsi ilə qida maddələrinin çətirin kənarlarından mərkəzə (gövdəyə) və kökə axını baş verir. Yazda isə tumurcuqların oyanması üçün kökdən və gövdədən qida maddələri çətirin kənarlarına doğru yönəlir. Bu fizioloji qanunauyğunluğa əsasən bir halda budama, yarpaqsız hissələrin kəsilməsi ilə bağlı olduğundan belə budama quru budama adlanır. Bu budama zamanı ehtiyat qida maddələri itkisi azalır. Quru budama şaxtalı və yağışlı günlər çıxılmaqla payızda yarpaqların tökülməsindən yazda tumurcuqların şişməsinə qədər bütün nisbi sükunət dövrü ərzində aparılır.
Budama çətir daxilində sıxlıq təşkil edən və düzgün istiqamətlənməyən zoğların kəsilib atılması və ya məhsula düşməni tezləşdirmək məqsədi ilə zoğlarda ucvurma budama işləri aparılır. Bu əməliyyat yarpaqlı hissələrin kəsilməsi ilə bağlı olduğundan belə budama yaşıl budama adlanır.
Dağlıq və dağətəyi rayonlarda meyvə bitkilərinin quru budanmasının ən münasib vaxtı erkən yaz sayılır. Payız aylarında qəflətən başlayan şaxtaların vaxtını və dərəcəsini müəyyənləşdirmək mümkün deyil. Ona görə də bitkilərin budanması nəticəsində ağacın havaların bu cür təsirlərinə qarşı müqaviməti zəifləyir. Bu da ağacın qurumasına, donvurmasına və məhv olma qorxusunun meydana çıxmasına səbəb ola bilər. Eyni zamanda nisbətən zəif inkişaf edən və güclü cavanlaşdırma aparılacaq bitkilər də şaxtalar keçəndən sonra erkən yazda budanmalıdır.
Son vaxtlar çəyirdəkli meyvə bitkilərinin bir qismi üçün (şaftalı, albalı, gilas, ərik) cavanlaşdırıcı budamanın erkən yay dövründə aparılması da tövsiyə edilir. Bu, onunla izah olunur ki, bu dövrdə kəsiləcək hissələrin yerini böyüməkdə olan zoğlara əsasən daha dəqiq müəyyənləşdirmək mümkündür (Cədvəl 7.1):