Ona görə də budama kifayət qədər səriştəli və təcrübəli mütəxəssislər tərəfindən aparılmalıdır. Budama aparılarkən, ilk növbədə, sortun meyvəvermə xarakteri, tumurcuqların oyanması, zoğ əmələgətirmə və zoğ bərpaetmə qabiliyyəti nəzərə alınmalıdır.
7.1.1. Formaverici budama
Budama işləri bitkinin bioloji özünəməxsusluğu, sort xüsusiyyətləri, ağacların yaşı, çətirin forması, budama tipi və s. nəzərə alınmalıdır. Cavan bağda formaverici budama vasitəsi ilə ağaclar məhsula düşənə qədər tətbiq edilir. Bu cür budama ilə ağacda müəyyən çətirin formalaşmasına nail olmaqla birgə həm də budaqcıqların məqsədəuyğun şəkildə formalaşması təmin olunur. Yaxşı formalaşmış meyvə bitkisi dayağa ehtiyac olmadan sıx əkililərdə 100 kiloqram, seyrək əkililərdə isə 500 kiloqrama qədər məhsulun ağırlığına davam gətirməlidir. Zəif tumurcuq oyanmasına malik olan sortlarda budama aparılmadıqda skelet budaqların və çətirin mərkəzinin seyrəkləşməsi baş verir, məhsul sürətlə mərkəzdən kənara doğru istiqamətlənir. Belə ağaclarda birillik hissələr mütləq
gödəldilməli və tumurcuqların oyanması üçün şərait yaradılmalıdır. Yüksək tumurcuq oyanmasına və yüksək zoğ əmələgətirmə qabiliyyətinə malik sortlarda çətir daxilində sıxlaşma gedir. Belə bitkilərdə yalnız seyrəltmə aparılmaqla kifayətlənmək lazımdır. Çünki budaqların gödəldilməsi çətirin daha da sıxlaşmasına səbəb ola bilər. Kütləvi tumurcuqların oyanması və zəif zoğ əmələgətirmə qabiliyyəti olan sortlar təbii olaraq özləri öz boylarını tənzimləyə bilir. Belə sortlar üçün yalnız nizamlayıcı budama aparılır (Şəkil 7.2).
7.1.2. Nizamlayıcı budama
Ağaclar məhsula düşəndən yüksək məhsulun tükənməyə başladığı dövrə qədər olan müddətdə tətbiq edilir. Adından göründüyü kimi bu budama boy və məhsulverməni nizamlamaqla ağacların məhsulvermə dövrünü uzatmağa yönəldilmiş budama üsuludur.
Nizamlayıcı budama skelet, yarım skelet budaqların və meyvə budaqcıqlarının optimal nisbətinə nail olmağa yönəldilir. Artıq məhsula düşmüş bitkilərdə vegetativ boyun getdikcə zəifləməsi prosesi baş verir. Bu isə məlum səbəblərdən ilaşırı məhsuldarlığa gətirib çıxara bilir. Ona görə də belə bitkilərdə çoxillik (mürəkkəb) meyvə budaqcıqları gödəldilərək cavan (sadə) meyvə budaqcığına çevrilir. Birillik budaqlar gödəldilir, çoxillik meyvə budaqlarının bir qismi isə çiçəkləməni normalaşdırmaq üçün dibindən kəsilib atılır. Nizamlayıcı budama ilə çətirin optimal həcmi qorunub saxlanılır, daxilinin normal hava və işıq rejimi tənzimlənir.