7. Bağçılıqda qulluq tədbirləri
Yer kürəsində yaranmış canlı aləmin əsas hissəsini bitkilər təşkil edir. Bitki aləminin törəməkdə olan müxtəlif quruluşlu nümayəndələri yer kürəsində müxtəlif əraziləri tutaraq çox geniş areala malik olmuşdur. Bitkilərə şirin və şor sularda, axan və durğun sularda, quruda, səhralarda, bataqlıqlarda və hündür dağ zirvələrində də rast gəlmək olar.
Əkinçiliyin meydana gəlməsi ilə əlaqədar insan cəmiyyəti və bitkilər aləminin tarixində yeni dövr başladı. İnsanlar becərməyə başladığı andan bitkilərin yabanı formalarını arası kəsilmədən dəyişdirdi və beləliklə, mədəni bitkiləri yaratdı. Öz tələbatına uyğunlaşdıraraq qulluq tədbirləri həyata keçirməklə onları becərdi. Lazımi qulluq göstərilmədikdə bitkilərin normal məqsədəuyğun məhsul verməyəcəyini dərk etməyə başlayanda insanlar müxtəlif bitki yetişdirilməsi üsullarını sınaqdan keçirməklə bitkilərin becərilməsini təkmilləşdirdilər.
Bağçılıqda bitki becərilməsində istifadə edilən qulluq tədbirlərindən biri bitkilərin budanmasıdır.
7.1. Bitkilərin budanması
Budama işlərində əsas məqsəd məhsuldarlığı artırmaq, günəş işığından maksimum istifadəni təmin etmək və bitkiyə, mühitə uyğun forma verməkdən ibarətdir (Şəkil 7.1).
Yazda bitkilərin inkişafını daha yaxşı təmin etmək üçün ağac və kol bitkiləri budanmalıdır. Onların üzərində olan qurumuş yarpaqlar təmizlənməlidir. Bunun daha keyfiyyətli və səliqəli olması üçün nazik budaqların bağ qayçısı ilə, nisbətən qalın budaqların isə bağ mişarı ilə budanması tövsiyə olunur. Kəsilmiş hissəyə xüsusi qarışıqlardan hazırlanmış bağ məlhəmi çəkilir. Ağaclarda, əsasən, digər budaqların inkişafına mane olan, bar vermək xüsusiyyəti olmayan, zədələnmiş və ya qurumuş budaqlar kəsilir. Kol bitkilərinin yanından çıxan digər pöhrələr qidalanmanı özünə çəkməməsi üçün budanır. Bu proses həm də görünüşə gözəllik gətirir. Ağacların və kolların budanmasını yazın əvvəllərində, yaxud fevral ayının ortalarından yazın axırlarına qədər (hava və iqlim şəraitindən asılı olaraq) və bir də payızda, budaqların boyatması dayandıqdan sonra aparmaq məsləhətdir. Budama əsas etibarilə qısaltma və seyrəltmə üsulunda
aparılır, bitkilərin boy və inkişafının stimullaşdırılmasına, ağacın çətirinə müəyyən quruluş verilməsinə, lazım gəldikdə hündürlüyünün aşağı salınmasına, çətirin yan ölçülərinin məhdudlaşdırılmasına, bitkinin işıq və havalanma rejiminin nizamlanmasına xidmət edir.
Yalnız cinsin, sortun morfoloji quruluşunu, onun bioloji xüsusiyyətini və müxtəlif təsirlərdən (yaş, calaqaltı, ekoloji amillər, aqrotexnoloji qulluq və s.) onun dəyişməsini nəzərə aldıqda budama istənilən nəticə verə bilər. Budama çox diqqətlə aparılmalıdır. Düzgün aparılmayan budama işi nəinki məhsulun, hətta bağın itirilməsinə səbəb ola bilər.