6.2.1. Ana meyvə bağlarında gübrələrin tətbiqi
Ana meyvə bağlarındakı bitkilərin böyümə və inkişafının normal gedişi üçün kifayət qədər qidalanma şəraitinin yaradılması vacib şərtlərdən biridir. Ana bitkilər eyni yerdə uzun müddət becərildiklərindən, onlar torpaqda olan qida maddələrini mənimsəməklə həmin qida maddələrinin qismən azalmasına səbəb olur. Bu maddələrin bir qismi məhsula və vegetativ orqanların formalaşmasına sərf olunur. Digər qismi isə suvarma suları və atmosfer yağıntıları ilə yuyularaq torpağın dərinliklərinə süzülür. Bu cür maddələrin bir qismi də bitkilər tərəfindən mənimsənilməyən birləşmələrə çevrilərək torpağın çirklənməsinə səbəb olur. Bunun üçün bitki altına torpaq mühitindən asılı olaraq gübrə və digər qida maddələrinin verilməsinə ciddi fikir verilməlidir.
Meyvə bitkilərinin qidalanmasında su, oksigen, karbon qazı ilə birlikdə aşağıda qeyd olunan qrup elementlərinin verilməsi də vacibdir: Makroelementlərdən - azot, fosfor, kalium, kalsium, maqnezium, kükürd, dəmir;
Mikroelementlərdən - bor, manqan, sink, mis, molibden və s. Bunlardan karbon qazı, oksigen və hidrogen bitkinin quru çəkisinin 93 faizini təşkil edir. Onlar azotla birlikdə zülalların, yağların və digər üzvi birləşmələrin tərkibinə daxildir.
Gübrələrin verilməsi vaxtı onların növündən, torpağın tipindən, ana bitkilərin ayrı-ayrı fazalarda qida elementlərinə olan tələbindən asılıdır. Əsas gübrələr payızda verilir. Ana bitkidən tədarük olunacaq qələm və calaqaltı materialından asılı olaraq bitkinin vegetasiyası boyunca gübrələrlə təmin olunması bitkinin zəifləyib xəstəlik və zərərvericilərə qarşı həssaslaşmasını aradan qaldırır.
Üzvi gübrələr bir qayda olaraq iki-üç ildən bir, fosforlu və kaliumlu gübrələr isə hər il, payızdan şum altına verilir. Lakin orta və ağır mexaniki tərkibə malik torpaqlarda fosforlu, kaliumlu gübrələri hər il vermək məsləhət görülmür.
Azotlu gübrələr bitki tərəfindən yüksək mənimsənildiyindən, onun payızdan verilməsi əlverişli deyil. Çünki bu halda azotun kütləvi itkisi baş verir. Buna görə də azotlu gübrələr bitkidə şirə axını başlayanda və ya vegetasiya dövründə hissələrlə, çiçəkləmədən qabaq və meyvəciklərin kütləvi formalaşmasından (iyun) sonra verilir.
Mikrogübrələr bir qayda olaraq, kökdən kənar yemləmə şəklində, vegetasiya dövründə ağaclara çilənir.
Bütün bu elementlərin bitkinin inkişafı dövrü boyunca ona vaxtı-vaxtında verilməsi ana bağın formalaşmasında və çilik, qələm, toxum tədarükündə vacib rola malikdir
6.2.2. Ana meyvə bağlarında suvarma
Meyvə bitkiləri canlı orqanizm olduğundan o, əsasən sudan təşkil olunur. Bitkinin ayrı-ayrı hissələri su ilə təmin olunmadıqda onların həyat fəaliyyəti pozulur. Xüsusən ana meyvə bağlarında becərilən bitkilərin suvarmaya olan təlabatı digər bağlara nisbətən artıq olur. Ona görə də illik atmosfer çöküntülərinin miqdarı 500-600 millimetrdən az olan bölgələrdə ana meyvə bağlarındakı bitkilər mütləq vaxtaşırı suvarılmalıdır. Eyni zamanda qeyd etmək lazımdır ki, yalnız illik atmosfer çöküntülərinin miqdarının çoxluğu deyil, onun fəsillər üzrə paylanması da bu cür meyvə bağlarının suvarılması üçün əsas götürülməlidir. Belə ki, vegetasiya dövrü quraq keçən bölgələrdə illik yağıntıların miqdarından asılı olmayaraq ana meyvə bağlarındakı bitkilərin normal böyüməsi, inkişafı və bunlardan sağlam çilik və qələm tədarükü üçün mütləq süni suvarma tətbiq edilməlidir.