İntensiv tipli qələmlik ana bağı bəzən nadir, çox qiymətli bioloji xüsusiyyətlərə və təsərrüfat göstəricilərinə malik sortların sənaye meyvə bağlarında becərilməsi labüdlüyü meydana çıxır. Lakin belə nadir sortların ağacları az olduğundan bağın salınması mümkün olmur. Bu halda həmin sortların artırılması üçün məhsul verməyən 2-3 yaşlı ağaclardan qələm tədarükü tövsiyə edilir. Buna görə də bu üsula intensiv üsul, sürətlə çoxaltma üsulu deyilir. Belə ağaclardan çoxlu qələm tədarük etmək üçün onları hər il güclü budayırlar.
Adi qələmlik ana bağda ağaclar 3-4 metr hündürlüyündə saxlanır, çətirin həcmi məhdudlaşdırılır, daxili seyrəldilir. İntensiv tipli qələmlik ana bağda ağacın ştampı kiçik olur, çətirin hər il güclü budanması onun məhdudlaşmasına və ağacın boyunun 2-2,5 metr hündürlükdə olmasına səbəb olur. İntensiv tipli qələmlik ana bağda becərilən ağaclardan hər il külli miqdarda çilik tədarük edilir. 0,25 hektar intensiv tipli qələmlik ana bağda becərilən ağaclardan tədarük edilmiş qələmlə, calaqlıq şöbəsinin bir hektarlıq birinci tarlasında becərilən bütün calaqaltılara göz calağı vurmaq olur. Qələmlik ana bağların salınması və bağda tətbiq olunan aqrotexnoloji əməliyyatlar adi meyvə bağlarında olduğu kimidir. Burada ağaclar üzərində müntəzəm yoxlama aparılır, aşkara çıxarılmış virus, mikoplazma mənşəli xəstəliklərə və zərərvericilərə yoluxmuş ağaclar dərhal çıxarılır, yandırılır (Şəkil 6.5).
Qələm tədarükünə artmaqda olan tələbi ödəmək məqsədilə qələm istehsalını daha da intensivləşdirmək üçün klon calaqaltılara calanmış alma, armud sortlarını qələmlik ana bağda 100x80 santimetr məsafədə əkib, ağacın gövdəsini qövs formasında əyirlər. Nəticədə əyilmiş gövdə üzərində çoxlu zoğ əmələ gəlir. Belə zoğları tədarük edib calaq vurmaq üçün istifadə edirlər. Burada bir hektardan tədarük edilmiş qələmlə bir neçə hektar sahədə becərilən calaqaltılara göz calağı vurmaq olur. Belə intensiv qələmlik ana bağın istismar müddəti 10-12 ildir.
6.2. Ana bağlarda yetişdirilən bitkilər üçün əsas qulluq tədbirləri
Keyfiyyətli calaq işləri üçün çilik materialı, məhsuldar, perspektivli, xəstəlik və zərərvericilərlə sirayətlənməmiş çiliklik ana bağlardakı ağaclardan tədarük edilməlidir. Çiliklik ana bağlara yüksək aqrotexniki xidmət olunmalıdır ki, hər il çoxlu zoğ əmələ gətirsin. Adətən bol məhsul verən ağaclarda vegetativ zoğların miqdarı az olmaqla, zoğlar zəif olur. Belə halda zoğun tədarük edilməsi xeyli çətinləşir. Çiliklik ana bağların azlığı və istənilən sortların olmaması məcbur edir ki, bol və keyfiyyətli meyvə verən bağlardan çilik tədarük edilsin. Bu isə tinglikdə istənilən nəticəni vermir.