6. Calaq işlərinin həyata keçirilməsi üçün əsas tədbirlər
Meyvə bağlarında bitkilərin vegetativ və generativ çoxaldılmasında başlanğıc bitki materialı ana bitki hesab olunur. Calaq etmək üçün standart çilik materialı rayonlaşdırılmış, məhsuldar, perespektivli, xəstəlik və zərərvericilərdən təmiz çiliklik ana bağlardakı (ana) ağaclardan tədarük edilir. Məhz buna görə də ana bağlara yüksək aqrotexniki qaydalarla qulluq işləri olunmalıdır ki, ana ağac hər il çoxlu zoğ əmələ gətirsin.
6.1. Meyvə bağı
Təsərrüfatlarda lazımi miqdarda toxum almaq, calaqüstü qələm əldə etmək, klon calaqaltılar yetişdirmək məqsədi ilə yaşıl çilik və basmalarla kökləndirilmiş calaqaltılar yetişdirmək üçün ana meyvə ağaclarından istifadə olunur. Bu cür ağaclar yüksək aqrotexniki qaydalarla becərilmiş ana bağlarda becərilir. Ana bağlarda becərilən bitkilər iki istiqamətdə bikti çoxaldılması ilə ixtisaslaşmış olur. Bunlardan birincisi toxumla bitki çoxaldılması ilə ixtisaslaşmış ana bağ, ikincisi isə vegetativ orqanlarla bitki çoxaldılması ilə ixtisaslaşmış ana bağlardır (Şəkil 6.1).
6.1.1. Toxumluq ana meyvə bağı
Xüsusi elit bağ sahəsi olub toxumacar calaqaltı kimi istifadə olunacaq formaların calaq bitkilərindən təşkil olunur. Belə bağın yaradılmasında məqsəd tinglik təsərrüfatını meyvə toxumu ilə təmin etməkdir. Burada tədarük edilmiş toxumları tinglikdə səpib, onlardan uca boylu toxmacarlar calaqaltılar yetişdirilir. Toxum tədarükünü asanlaşdırmaq üçün hər meyvə bitki cinsindən olan ağacdan cərgə ilə ayrıca əkirlər. Toxumluq ana bağın salınması üçün sahənin seçilməsi, əkinə hazırlanması, ağacın əkilmə qaydası və tətbiq olunan bütün texnoloji əməliyyatlar meyvə bağlarında olduğu kimidir. Əkiləcək ağaclar 1-2 illik olmaqla müxtəlif
(virus, mikoplazma və başqa) mənşəli xəstəliklərdən, zərərvericilərdən təmiz, sağlam toxumacarlar olmalıdır. Bunun üçün hər növün toxumlarını ayrıca səpib, toxmacarlar yetişdirərək, onlardan ən dəyərlilərini seçib, toxumluq ana bağda cərgə ilə ayrıca əkirlər (Şəkil 6.2).