Bunun üçün calaq ediləcək bitkilərin gövdəsində kəsim aparılır (Şəkil 5.48 və Şəkil 5.49). Kəsilmiş bitkilər kəsim nahiyəsi ilə təmas etməsi üçün onlar alüminium lentlə bir birilərinə bağlanır. Calaq nahiyəsi alüminium folqa ilə örtülür. Calama işi üçün son zamanlar istehsal olunan plastik klipslərdən istifadə olunur.
5.5.2. Pomidor bitkisinin calaq üsulu ilə yetişdirilməsi
Pomidor bitkisində calaq işləri onun gövdəsi dairəvi və səthi hamar olan dövrdə aparılır. Bu dövr keçirildikdən sonra calağın tutma ehtimalı azalır. Çünki gövdə qırışlanıb sərtləşdikdən sonra calaqların təmas səthi azalır. Bu da calaq arasında boşluqlara səbəb olur. Calaq işlərini açıq sahələrdə yağışdan sonra, örtülü sahələrdə isə suvarmadan sonra aparmaq daha məsləhətdir. Bu dövrdə bitkidə aktiv şirə hərəkəti gedir. Calaq işlərini iki adam həyata keçirir. Onlardan biri bitkini tutur digəri isə calaq edir. Calaq zamanı hər iki bitkinin gövdəsindəki dəricik 4-5 santimetr uzunluğunda ehmalca kəsilib götürülür (Şəkil 5.50 və Şəkil 5.51). Kəsim hər bir bitkidə eyni uzunluqda və dərinlikdə aparılır. Bundan sonra bitkilər kəsik tərəfdən bir-birinə ehmalca yaxınlaşdırılıb lentlə bağlanır. Kəsilmiş bitkilər arasında güclü təmas sayəsində calaq mütləq baş tutur.
Son zamanlar kartof bitkisi ilə pomidor bitkisi calağı geniş öyrənilməyə başlanmışdır. Bu cür calaq işindən alınmış bitkinin torpaq altı hissəsi kartof, yerüstü hissəsi isə pomidor əmələ gətirir. Belə calaq üsulu ilə yetişdirilmiş bitki tomofel adlanır (Şəkil 5.52).