5.5. Tərəvəz bitkilərində calaq işləri
Tərəvəz bitkilərində xiyar, yemiş, pomidorun kartofla calaq işləri bir çox göbələk xəstəlikləri əleyhinə və substratın bitki üçün vacib qida elementləri çatışmazlığının bitkiyə mənfi təsirini aradan qaldırmaq üçün tətbiq edirlər. Hollandiyada artıq 10 ildən çoxdur ki, bu bitkilərin calaq işləri ilə bitki yetişdirilməsi çox geniş yayılmışdır. Xüsusən də qarpızla yemiş calağı ilə bu bitkilərin məhsuldarlığı xeyli artmışdır. Bu cür calaqdan yetişmiş qarpızın şəkər tutumu 60 faiz yüksəlmişdir.
5.5.1. Xiyar bitkisinin calaq üsulu ilə yetişdirilməsi
Xiyar bitkisinin zəif inkişaf etmiş kök sistemi bu bitkidən bir çox halda az məhsul toplanmasına səbəb olur. Bəzən isə xəstəliklə sirayətlənmiş bitki məhsul vermədən tələf olur, bu da iqtisadi baxımdan arzu olunmaz haldır. Xiyar bitkisinin kök sistemi nəyinki digər tərəvəz bitkilərinə görə zəif inkişaf edir. həm də bu cür kök sistemi torpağın turşuluq səviyyəsinə, torpaq temperaturuna çox həssas olur. Əkin növbəsi qaydalarına riayət olunmadıqda substratda çoxlu xəstəlik törədən mikroorqanizmlər toplanır. Bunlardan ən təhlükəlisi isə kök çürüməsi xəstəliyinin törədicilərinin artmasıdır. Müxtəlif dərman vasitələrinin tətbiqi bu nöqsanları aradan qaldırsa da bir çox fermerlər üçün bu iqtisadi baxımdan rentabelli hesab olunmur. Bunun üçün calaq olunmuş xiyar bitkisinin yetişdirilməsi daha əlverişli hesab olunur. Xiyar bitkisinin yaxşı inkişaf etmiş kök sisteminə malik, torpağın dəyişən temperatur göstəricilərinə az həssas və bir çox xəstəliklərə davamlı kök sisteminə malik bitki ilə calaq edilməsi daha səmərəlidir. Bunun üçün xiyar bitkisi daha güclü inkişaf etməmiş kök sisteminə malik mum balqabaq sortları ilə calaq edilir. Bitkilər yan-yana əkilərək ilk həqiqi yarpaq əmələ gətirdikdən sonra calaq edilməsi üçün hər ikisinin gövdəsində dil kəsimləri edilir. Xiyar bitkisini calaq etmək üçün toxumdan 2-3 həftə sonra inkişaf edən bitki üzərində aparılır.