Həmin sipərcik calaqaltıda olan kəsimə elə qoyulur ki, sipərciyin aşağı hissəsində qabığı soyulmuş hissə calaqaltıda olan tilişkə çıxıntının altına keçsin. Bundan sonra calaq yeri polietilen pərdə ilə yuxarıdan aşağıya doğru möhkəm sarılır. Calağın tutması vurulmuş tumurcuğun şişməsi ilə müəyyənləşdirilir. Əgər calaq tutubsa, calaqaltı calaq yerindən yuxarı hissədən kəsilib atılır (Şəkil 5.47).
Lülə göz calağı
Bu calaq üsulu gövdə qabığı nisbətən qalın olan qoz bitkisi üçün tətbiq edilir. Calaq üçün qoşa tiyəli bıçaqdan və ya bir-birinə bərkidilmiş iki bıçaqdan istifadə edilir. Qoşalaşmış tiyələrlə kök boğazından 10-15 santimetr hündürlükdə calaqaltının gövdə qabığı dairəvi (lülə) şəkildə kəsilir, sonra lülənin bir tərəfindən qabıq uzununa kəsilərək həmin lülə şəkilli qabıq gövdədən çıxarılır Bundan sonra tumurcuq ortada qalmaqla calaqüstü çilikdə də eyni qayda ilə qabıq lülə şəklində kəsilib götürülür. Bıçaq tiyələri hər iki halda eyni uzunluqda lülə kəsdiyindən, calaqüstü çilikdən çıxarılmış lülə, calaqaltıda qabığı çıxarılmış yerə uyğun qoyularaq calaq yeri möhkəm sarınır.
Nikolirovka göz calağı
Bu calaq üsulu heyva üzərində normal bitiş verməyən armud sortlarının calanması üçün tətbiq edilən calaq üsuludur. Nikolirovka göz calağı, adi göz calağından sipərciyin iki ədəd olması ilə fərqlənir. Onlardan biri nazik oduncaqlı, tumurcuqsuz, digəri isə tumurcuqlu sipərcik olur. Bunları almaq üçün heyva üzərində yaxşı tutan sortun çiliyindən tumurcuq qarışıq qabıq sipərcik şəklində kəsilib götürülür. Sonra həmin yerdən bıçaqla təkrarən üst qabığı olmayan, tumurcuqsuz, nazik oduncaqlı, yalnız kənarında nazik qatlı qabıq xətti olan sipərcik kəsilib götürülür. Heyva üzərində normal tutmayan armud sortundan tədarük olunmuş çilikdən isə sipərcik adi qayda ilə üzərində tumurcuq olmaqla kəsilib götürülür. Adi qayda ilə götürülmüş tumurcuqlu sipərcik qabıqsız sipərciyin üzərinə qoyulur və hər ikisi birlikdə calaqaltıda olan «T» şəkilli yarığa geydirilir. Sonrakı proseslər adi göz calağında olduğu kimi aparılır.