Yay göz calağı üçün ağacın işıqla tam təmin olunmuş yaxşı inkişaf etmiş zoğundan kəsib götürülür (Şəkil 5.42).
Zoğ yarpaqlardan təmizləndikdən sonra ondan sipərcik kəsilib calaq üçün hazırlanır (Şəkil 5.43).
Peyvənd olunacaq nahiyədə T şəkilli kəsim hazırlanır. (Şəkil 5.44).
Bıçağın tiyəsində və ya dəstəyin arxasında olan çıxıntı ilə qabıq aralanaraq kəsilmiş sipərcik göz yuxarıya baxmaqla, həmin yarığa geydirilir (Şəkil 5.45).
Peyvənd olunduqdan sonra göz calağı nahiyəsinə lent sarınır (Şəkil 5.46).
Qondarma göz calağı
Bu göz calağı üsulu intensiv ting becərmə texnologiyasının əsas göstəricilərindən biridir. Qondarma göz calağı, adi göz calağı üçün yararsız olan nisbətən nazik (4-8 millimetr) calaqaltılara vurulur. Göz calağının digər bir üstünlüyü, onun adi göz calağından fərqli olaraq, həm də erkən yazda şirə hərəkəti başlayana qədər olan dövrdə aparılma mümkünlüyüdür. Erkən yazda vurulacaq calaq üçün çiliklər, ağacdan calaq ərəfəsində və ya calaq günü kəsilib götürülür. Qalan vaxtlarda isə adi göz calağında olduğu kimi tədarük olunur. Calaqaltının kök boğazından 5-10 santimetr hündürlükdə buğumarası hissədə calaq yeri təmizlənir və göz calağı bıçağı ilə yuxarıdan aşağıya doğru, qabıqla birgə nazik oduncaq qatı da daxil olmaqla gövdədə 0,3-0,6 millimetr dərinlikdə kəsim aparılır. Sonra bıçaq kəsim yerindən çıxarılır və həmin yerdən 2-3 santimetr yuxarıdan qoyularaq nazik oduncaqla birlikdə qabıq aşağıdakı kəsimə çatana qədər kəsilib götürülür. Nəticədə calaqaltıda 3-6 millimetr enində və 2-3 santimetr uzunluğunda nazik oduncaqlı qabığı soyulmuş və kəsimin aşağısında tilişkə çıxıntısı olan kəsim almır.
Calaqüstü çilikdə olan tumurcuğun aşağı və yuxarı hissəsində də eyni əməliyyat aparılmaqla üzərində tumurcuq olan, aşağı hissəsində qabığı bir az soyulmuş, 2-3 santimetr uzunluğunda sipərcik kəsilib götürülür.