Calağın vegetasiyaya tez başlamasının qarşısını almaq məqsədilə stratifikasiya müddətini qurtarmış calaqları, məcburi nisbi sükunət dövründə saxlamaq üçün qutuları, calaq bitkilər açıq sahəyə əkilənədək 0+2 dərəcə temperaturlu və yüksək nəmli otaqlarda saxlayırlar. Qalın qar qatı olan rayonlarda stratifikasiya dövrünü başa çatdırmış calaqları qutu ilə birlikdə açıq sahəyə düzüb üzərini sintetik pərdə ilə, pərdənin üzərini isə 50-60 santimetr qalınlığında qarla örtüb açıq sahəyə əkilənədək saxlayırlar.
5.4. Göz calağı
Qələm calağı üsulları ilə müqayisədə vurulma texnikası asan olduğundan təsərrüfatlarda daha çox göz calağı tətbiq olunur (Şəkil 5.41).
Göz calağının aşağıdakı üsulları var:
Adi göz calağı
Calaqaltının diametri 8 millimetrdən 20 millimetrədək olan hallarda aparılır (Şəkil 5.41). Göz calağı vurulma vaxtına görə 2 qrupa ayrılır:
Yay göz calağı
Yay göz calağı eyni zamanda «yatan» göz calağı da adlanır. Calaqüstü çiliklər calaq ərəfəsində ümumi qəbul edilmiş qaydaya əsasən tədarük edilir.
Çiliyin üzərində olan göz saplaqla birlikdə sipərcik şəklində nazik oduncaqla bir yerdə kəsilib götürülür. Göz, uzunluğu 2-3 santimetr olan sipərciyin ortasında dayanmalıdır.
Sipərcik kəsildikdən sonra calaqaltıda kök boğazından 5-10 santimetr hündürlükdə gövdə qabığında «T» şəkilli kəsim alınır. Bıçağın tiyəsində və ya dəstəyin arxasında olan çıxıntı ilə qabıq aralanaraq kəsilmiş sipərcik göz yuxarıya baxmaqla, həmin yarığa geydirilir. Bundan sonra calaq yeri polietilen pərdə ilə yuxarıdan aşağıya doğru, göz açıq qalmaq şərtilə sarınır. Sarığın son dövrəsində pərdənin ucu dövrədən keçirilərək dartılır.
Yay göz calağı
Eyni zamanda «oyanan tumurcuqla göz calağı» da adlanır. Calaq üçün çiliklər şirə hərəkəti başlayana qədər kəsilib götürülür. Tədarük olunmuş çiliklər xəndək, zirzəmi və ya soyuducularda calaq vaxtına qədər saxlanılır. Yaz göz calağı calaqaltıda fəal şirə hərəkəti başladıqdan sonra qabıq oduncaqdan asanlıqla ayrılan vaxt vurulur. Calağın vurulma texnikası yay göz calağında olduğu kimidir.