Calağın qurumaması üçün stratifikasiya otağında havanın nisbi nəmliyi həmişə yüksək olmalıdır. Calağın vurulması vaxtından asılı olaraq içərisinə calaqlar qablaşdırılmış qutuları stratifikasiya dövründə müxtəlif temperatur şəraitində müxtəlif müddətdə saxlayırlar. Belə ki, komponentlər noyabryanvar aylarında təbii nisbi istirahət dövründə olurlar. Bu dövrdə calanmış tumlu bitkılərdə calağın bitişməsi üçün calanmış bitkiləri stratifikasiya olunmuş vəziyyətdə 16-20 gün ərzində +18...+20 dərəcə temperatur istilikdə saxlamaq tələb olunur. Yanvar-mart aylarında calanmış tumlu bitkilərdə calağın bitişməsi üçün onları 20-30 gün ərzində +10 dərəcə temperatur istilikdə stratifikasiya olunmuş vəziyyətdə saxlayırlar. Çəyirdəkli meyvə bitkilərində calağın bitişməsi üçün nisbətən az vaxt, lakin yüksək temperatur (+30 °C) tələb olunur. Komponentlər bitişdikdən sonra temperatur +15 - +18 dərəcə temperatura endirilir. Aparılmış tədqiqatlar nəticəsində 15 dərəcə temperaturda komponentlərdə bitişmənin ləng getdiyi, temperatur 30 dərəcədən yüksək olan şəraitdə isə sürətlə getdiyi, lakin bitişmənin bərk olmadığı müəyyən edilmişdir. Bitkinin cins xüsusiyyətindən asılı olmayaraq calağın bitişməsi üçün stratifıkasiya dövrü 20-22 dərəcə temperaturda 12-15 gün ərzində tamamlanır.
Komponentlərin bitişməsini müəyyən etmək üçün stratifikasiya olunmuş vaxtdan 10-12 gün keçdikdən sonra calaqlardan bir neçəsini substratdan çıxarıb yoxlayırlar. Bitişmə müəyyən edildikdən sonra stratifikasiya müddəti başa çatır. Odur ki, içərisində calaq stratifıkasiya olunmuş qutuları stratifikasiya otağından çıxarıb havanın nisbi rütubəti yüksək, temperaturu 5-10 dərəcə olan otaqlara köçürürlər. Belə şəraitdə bitişmə tədricən davam edir. Tumurcuqların şişməsi müşahidə olunarsa qutuların dərhal 0-2° C temperaturu olan otaqlara köçürülməsi tövsiyə edilir.