Calaq komponentlərinin möhkəm bitişməsi və bitişmənin sürətləndirilməsi üçün tələb olunan əsas amil temperatur və rütubətdir. Calaq bitkilərdə rütubətin buxarlanmasının qarşısının alınması və onun qurumaqdan qorunması məqsədilə calağın üzərini başdan-başa parafinləyirlər (Şəkil 5.36 və Şəkil 5.37). Bu məqsədlə qabın içərisinə tərkibində 5-8 faiz yağ olan parafin töküb, onu 65-70 dərəcə temperatur istidə əridərək calağı parafinin içərisinə batırıb dərhal çıxarırlar. Hər min ədəd calağın parafinlənməsi üçün 0,15-0,2 kiloqram parafin sərf olunur. Calağın üzərinin tam örtülməsi üçün iki hissə parafinlə bir hissə petrolatumla qarışdıraraq yapışqanlı kütlənin hazırlanması tövsiyə edilir. Parafinlənmiş calaqaltıların bitişmələri üçün onları rütubətli, mühiti neytral-pH 7 olan təmiz torf və ya ağac kəpəyi içərisində stratifikasiya edib saxlayırlar. Bunun üçün 30x40x60 santimetr ölçüdə olan qutunun içərisinə əvvəlcə 3-4 santimetr qalınlığında torf və ya ağac kəpəyi döşənir, sonra parafinlənmiş calaqları cərgə ilə düzüb onların üzərini 2-3 santimetr qalınlığında torfla və ya ağac kəpəyi ilə örtürlər. Qutu tam dolduqdan sonra axırıncı calaq qatının üzərini 4-5 santimetr qalınlığında rütubətli torf və ya ağac kəpəyilə örtürlər. Hər qutunun içərisinə 250-450 calaq yerləşdirilir. Calağı qutunun içərisində şaquli vəziyyətdə 900-1000 ədəd düzüb, onların arasını rütubətli torf və ya ağac kəpəyilə doldururlar. Qutuda rütubətin azca artıqlığı calaqda göbələk xəstəliyinin baş verməsi və onların məhv olmaları ilə nəticələnir. Baş verə biləcək xəstəliyin qarşısını almaq üçün parafinlənmiş calaqları qutulara qablaşdırmazdan əvvəl torfun və ya ağac kəpəyinin kalium permanqanatın zəif məhlulu ilə sterilizə edir, calağın üzərinə isə ağac kömürünün tozunu tökürlər. Stratifikasiya olunmuş calaqlarda torfun və ya ağac kəpəyinin quruması müşahidə olunduqda onu su ilə islatmaq olmaz. Bunun üçün quru torf və ya ağac kəpəyini rütubətli torf və ya ağac kəpəyi ilə əvəz edirlər. Qış calaq üsulu Şəkil 5.38, Şəkil 5.39 və Şəkil 5.40-da göstərilmiş qaydada aparılır.