GİRİŞ
Hörmətli oxucu!
Bağçılıq ölkəmizdə sürətlə inkişaf edən aqrar istehsalın vacib sahələrindən biridir. Bura meyvəçilik, tərəvəzçilik, üzümçülük, subtropik bitkilər, tutçuluq, bəzək bağçılığı, çiçəkçilik kimi istiqamətlər daxildir. Hazırda bağçılığın inkişafı ölkə iqtisadiyyatında da mühüm yer tutur.
Bitkilərin əkini və qulluq tədbirləri bitkiçilikdə geniş məfhumlu bir sahədir. Keyfiyyətli məhsul əldə etmək üçün bitkinin düzgün əkini və inkişafı dövrü boyunca lazımi qulluq tədbirlərinin göstərilməsi vacibdir.
Siz bu modulda verilən mövzuları mənimsəməklə bitkilərin əkini, müxtəlif əkin üsulları, intensiv bağçılıq və tərəvəzçilik barədə baza biliklərinə yiyələnmiş olacaqsınız. Bitkilərin əkini və qulluq tədbirləri modulu vasitəsi ilə müxtəlif tərkibli substratlar hazırlamağı, hazır substratlarla işləməyi öyrənəcəksiniz. Son zamanlar müasir bağçılıqda tətbiq edilən əkin üsulları və uyğun bitki qruplarının becərilməsini mənimsəyəcək və praktiki olaraq həyata keçirəcəksiniz. Moduldan mənimsədiyiniz biliklər sayəsində müxtəlif substratlar haqqında məlumat alaraq onları bazarlardan tələbatınıza uyğun olaraq müəyyənləşdirib ala biləcəksiniz. Eyni zamanda bu modul sizi müxtəlif tərəvəz bitkilərinin toxumla əkini, şitil alınması və həmin şitillərdən hazır substratlar üzərində bitki yetişdirilməsi üçün lazım olan vasitələr haqqında təlimatlandıracaq.
Bitkilərin əkini və qulluq tədbirləri modulunda meyvə ağaclarının yetişdirilməsi və onlara edilən qulluq tədbirləri barəsində geniş məlumatlar verilmişdir. Bu məlumatlar sayəsində siz meyvəçilikdə, meyvəçiliyin aparıcı istiqamətlərindən olan tingçilik sahəsində ixtisaslaşmış mütəxəssis kimi çalışa biləcəksiniz. Meyvə ağaclarının budanması və bu kimi digər qulluq tədbirlərinin həyata keçirilməsi yollarını öyrənəcək və tətbiq edəcəksiniz. Meyvə bağlarının salınması və bağ sahələrində planlaşdırma işlərini mənimsəməklə çalışacağınız təsərrüfatda səriştəli kadr kimi fəaliyyət göstərəcəksiniz.
Əziz oxucu! Siz bu modulda olan mövzuları öyrənməklə, əldə etdiyiniz bilik və bacarıqlarla ixtisaslı kadr kimi aqrar sahədə peşə fəaliyyətini uğurla davam etdirə biləcəksiniz.