Calaq komponentlərini calaq vurmaq üçün əllə və ya xüsusi maşınlarla hazırlayırlar (Şəkil 5.34 və Şəkil 5.35). Əksər təsərrüfatlarda bu əməliyyat əllə icra olunur. Bu məqsədlə calaqçılar calaq vurulan emalatxanada düzülmüş stol arxasında oturur, kök boğazının diametrinə görə qruplara ayrılmış calaqaltıları tələb olunan miqdarda stolun üstünə qoyur və calaq əməliyyatına başlayırlar. Calaqçıların vərdişindən asılı olaraq o, əməliyyata calaqaltının və ya calaqüstünün hazırlanmasından başlayır. Ən geniş tətbiq edilən sadə kopulirovka calağıdır. Burada toxmacar calaqaltıda kök boğazından 5-6 santimetr hündürlüyündə, klon calaqaltıda isə 25-30 santimetr hündürlüyündə kötük saxlanır və çəpinə kəsilir. Calaqüstü olaraq 3-4 tumurcuğu olan qələm seçib, onun tumurcuğundan aşağı və tumurcuqdan yuxarı hissəsi çəpinə kəsilir. Calaqçı bu qayda ilə hazırlanmış komponentlərin kəsiklərini qondarıb onları sarıyır. Calaqaltının diametrindən asılı olaraq bu və ya digər qələm calağı növü tətbiq edilir. Calaq növləri yuxarıda təsvir edilmiş qayda üzrə icra olunur. Calağın tutması
üçün əsas şərt komponentlərin kambi qatlarının bir-birinin üzərinə düzgün düşmələri və calağın bitişməsinin sürətləndirilməsidir. Bunun üçün calaqçı calağı düzgün və möhkəm sarımalıdır. Calağın sarınması üçün cökə lifindən, qalınlığı 1-1,5 millimetr olan kağız ipdən, qalınlığı 120 mikrometr olan polietilendən istifadə edilir. Calağın sarınma qaydası sarğı materialının növündən asılıdır. Belə ki, cökə lifı, kağız ipi calağı kəsmir, calaq tutduqdan sonra isə torpaqda rütubətin təsiri nəticəsində az müddətdən sonra çürüyüb ovxalanır. Odur ki, sarığını boşaldılmasına və açılmasına ehtiyac qalmır. Məhz buna görə də burada calağı yuxarıdan aşağıya doğru sarıyır, sarğının ilməsi isə torpaqla təmasda olur. Sintetik pərdədən hazırlanmış lent komponentlərin möhkəm sarınmasını yaxşı təmin edir. Lakin o, möhkəm olduğundan bəzən yoğunlaşmaqda olan komponentləri kəsə də bilir. Bu hal sarğının boşaldılmasını, calaq tutduqdan sonra onun çıxarılıb atılmasını tələb edir. Buna görə də calağı sintetik lentlə aşağıdan yuxarıya sarıyır, ilmək torpaq səthində olduğundan, lazım gəldikdə sarğını asanlıqla çıxarıb atmaq olur. İnterkalyar calağın tətbiqi prosesində calağı iki yerdən sarıyırlar. Buna görə bu halda sarğı materialına tələb iki dəfə artır.