Aran bölgələrdə qışın şaxtasız olmasını nəzərə alan bəzi mütəxəssislər calaq komponentlərinin bilavasitə qış calağı vurulan dövrdə tədarük olunmalarını tövsiyə edirlər. Şübhəsiz ki, bu yerli şəraitə uyğun aparılmalıdır.
Calaqüstü məqsədilə çətirin işıqlı, gündüşən cəhətində yerləşən, cari ilin vegetasiya dövründə əmələ gəlmiş gümrah, böyüməsini tamamlayaraq təpə tumurcuğu əmələ gətirmiş, üzərindəki tumurcuqlar tam böyümüş, zədəsiz, dikinə böyüyən vegetativ zoğlar payızda şaxtalar başlamazdan əvvəl kəsilib tədarük edilir. Sortların qarışmaması üçün hər sortdan tədarük edilmiş zoğları 50-100 ədəd birlikdə dəstə bağlayır, hər dəstəyə üzərində sortun adı yazılmış etiket vurulur, onları calaq vurulanadək rütubətli substratda, içərisində çilik olan qutuları soyuducularda, meyvə saxlanılan kameralarda, zirzəmilərdə, qalın qar qatı olan rayonlarda xəndəklərdə üzəri torpaqla, qarla örtülmüş vəziyyətdə 0-2 °C temperaturda saxlayırlar.
5.3.4. Qış calağının vurulması texnologiyası
Qəbul olunmuş vaxtda qış calağına başlamazdan əvvəl calaq komponentlərini calağın vurulmasına hazırlamaq lazımdır. Bu işə hər şeydən əvvəl calaqaltıların əməliyyata hazırlanmasından başlayırlar. Calaqaltıları calaq vurulmazdan çox əvvəl isti otaqda saxladıqda onlarda tez vaxtda kök telləri, fəal köklər əmələ gəlir, belə bitkiləri caladıqdan sonra açıq sahəyə köçürdükdə köklərin əksər qismi məhv olur. Odur ki, calaq vurulmazdan 1-2 gün əvvəl, kök boğazının diametrinə görə qruplaşdırılaraq rütubətli substratda stratifıkasiya olunmuş calaqaltıları çıxarıb, calaq vurulacaq emalatxanaya gətirib, təmiz suda yuyur, qutulara qablaşdırır, qurumaları üçün onların üzərini rütubətli parça ilə və ya sintetik pərdə ilə örtürlər. Calaqüstünün calaq vurulanadək isti otaqlarda saxlanması onda şirə hərəkətinin başlanmasına, tumurcuqların açılmasına şərait yaradır. Vegetasiya dövrünə başlamış belə çiliklərin tutma faizi çox az və açıq sahəyə əkilmiş belə calanmış bitkilərin tutması isə çox cüzi olur. Buna görə də qələmləri calaq vurulası gün və ya ondan bir gün qabaq, stratifikasiya olunduqları substratdan sort tərkibini qarışdırmadan çıxarıb, calaq vurulan emalatxanaya gətirir, təmiz suda yaxalayır, təmiz parça ilə qurudur, rütubətli mamırda və ya parçada saxlayırlar.