5.3.2. Calaqaltıların tədarükü və saxlanması
Qış calağının keyfiyyəti hər şeydən əvvəl calaqaltının keyfiyyətindən asılıdır. Calaqaltı virus, göbələk mənşəli xəstəliklərdən təmiz, zərərvericilər tərəfindən zədələnməmiş, sağlam, qabığı qırışıqsız, sığallı, kök sistemi normal inkişaf etmiş, çoxlu yan köklər əmələ gətirmiş olmalıdır. Toxmacarları, kök çiliklərini və həmçinin anaclıq klon calaqaltılardan pöhrə, kök çiliyi, basma vasitəsilə kök əmələ gətirmiş zoğları, habelə kök əmələ gətirmiş çilikləri calaqaltı məqsədilə payızda tədarük edirlər (Şəkil 5.32). Bu və ya digər calaq növünün vurulmasını asanlaşdırmaq üçün yuyulub torpaqdan təmizlənmiş calaqaltıları kök boğazının diametri, kök sisteminin vəziyyəti və yerüstü hissənin yoğunluğuna görə qruplaşdırırlar. Kök boğazının diametri 7-12 millimetr, kök sistemi normal, üç kökdən ibarət, sağlam toxmacarlar yüksək keyfiyyətli calaqaltı olaraq seçilir. Seçilmiş belə calaqaltıları kök boğazının diametrinə görə üç qrupa ayırırlar:
Yerüstü hissəsi nisbətən nazik olan calaqaltılara sürətlə böyüyən sortlardan kopulirovka calağı, yoğun olan calaqaltılara isə yarma calağı vurulur.
Tədarük edilib çeşidlərə, qruplara ayrılmış calaqaltıları calaq vurulanadək normal vəziyyətdə itkisiz saxlamaq lazımdır. Calaqaltıları qutuda, səbətdə saxlamaq üçün onların dibinə 8-10 santimetr qalınlığında rütubətli qum, ağac kəpəyi, torf və ya mamır səpilir, sonra calaqaltıları düzüb onların üzərinə rütubətli qum, torf, mamır və ya ağac kəpəyi tökülür. Calaqaltıların uzun müddət nisbi sükunət dövründə qalmaları üçün temperatur 2-3 selsi dərəcə olmalıdır. Substratın həddindən artıq rütubətli və ya quru olmasına imkan vermək olmaz. Kif göbələklərin inkişafının qarşısını almaq üçün calaqaltılara 0,3-0,4 faizli TMTD - tetrametil tiuramdisulfat çilənməsi tövsiyə edilir. Hər ehtimala qarşı calaqaltıların tələb olunan miqdardan 5-10 faiz artıq saxlanması tövsiyə edilir.
5.3.3. Calaqüstünün tədarükü və saxlanması
Calaqüstü xəstəliklərdən, zərərvericilərdən təmiz, sağlam, normal böyümüş və inkişaf etmiş olmalıdır. Bu məqsədlə calaqüstü çiliklər, tingliyin nəzdində yaradılmış qələmlik ana bağda becərilən sortların ağaclarından, payızda şaxtalar başlayanadək tədarük edilir (Şəkil 5.33).