Qış calağının vurulması prosesinin bir tərəfdən sadəliyi, asanlığı, digər tərəfdən proseslərin mexanikləşdirilməsinin mümkün olması onun səmərəliliyinin yüksəlməsinə səbəb olur.
5.3.1. Qış calağının vurulması üçün avadanlıq
Qış calağının yüksək səviyyədə icrası və calağın tutması üçün bir sıra süni şəraitin yaradılması tələb olunur. Bu məqsədlə bina, istixana, onların daxilində isə avadanlığın qurulması tələb olunur. Calağın tutması hər şeydən əvvəl calaq komponentlərinin normal şəraitdə saxlanması və onların calaq üçün əvvəlcədən düzgün hazırlanmasından asılıdır. Bununla birgə bəzi əl alətləri istifadə üçün hazırlanır (Şəkil 5.31). Vaxta qənaət etmək, əməliyyatın ardıcıl, ləngimədən yüksək səviyyədə tətbiqi
üçün bina və ya istixana daxilindəki kamera və otaqlar bir-birinə yaxın yerləşdirilməlidir. Torfun, qumun, ağac kəpəyinin, alətlərin, sarğı materiallarının, kimyəvi maddələrin saxlanması üçün zirzəmilər, calaq vurmaq üçün emalatxana, calaqaltının, calaqüstünün, calanmış bitkilərdə kambi qatlarının bitişməsi, onların açıq sahədə əkilənədək saxlanması üçün kamera və ya otaqlar ayrılmalıdır. Qış calağının xüsusiyyətindən asılı olaraq tələb olunan temperatur, nəmlik və hava şəraiti yaratmaq üçün istilik sistemi, cihazlar qurulmalıdır. Calaq vurulan emalatxana geniş, quru, isti və işıqlı olmalıdır. Calağı adətən əllə stol üstündə vururlar. Calaqçının rahat oturması və sərbəst calaq vurması üçün stolun üzəri hamar səthli, açıq rəngli, oturacağı rahat, enli, qoltuqsuz, belli olmalıdır.
Qış calağının vurulması vaxtı
Əksər tədqiqatçılar qış calağının dekabr ayında vurulmasının faydalılığını müəyyən etmişlər və tinglik təsərrüfatlarda calağı dekabr ayının birinci ongünlüyündən başlayaraq yanvar ayının ikinci ongünlüyünədək davam etdirirlər. Şəraitdən asılı olaraq calağın başlanması və qurtarması vaxtı təsərrüfatın təcrübəsi əsasında müəyyənləşdirilir. Qış calağının vaxtında və yüksək səviyyədə vurulması üçün calaq komponentlərini vaxtında, düzgün tədarük etmək və calaq üçün hazırlamaq lazımdır.