Bundan sonra həmin çiliyin əsasında və uc hissəsində, bir tərəfə baxmaq şərtilə, çəp kəsim alınır. Həmin kəsimlər gövdədə açılmış kəsiyə qoyulur və ya həmin yerdə açılmış yarığa geydirilir. Calaq yeri sarğı materialı ilə sarındıqdan sonra həmin yerə və zədələnmiş hissəyə bağ məlhəmi sürtülür.
Sadə qələm calağı
Calaqaltı, əsasından 15-20 santimetr hündürlükdə çəp kəsilir. Qaydaya uyğun olaraq kəsimin uzunluğu onun diametrinin 3-5 mislinə bərabər olmalıdır ki, yapışma səthi normal olsun. Eyni qayda ilə calaqüstü çiliyin əsasında da həmin kəsim alınır. Bundan sonra çilik üzərində 2-4 tumurcuq saxlanılaraq yuxarı hissə kəsilir və o, calaqaltı ilə kəsimlər bir-birini örtmək şərtilə birləşdirilir. Calaq yeri sarğı materialı ilə sarılır. Əgər sarğı materialı ip, lif və ya digər rütubəti tez götürən materialdandırsa, o halda sarğının üstündən bağ məlhəmi sürtülür.
5.3. Qış calağı
Qış qələm calağı calaq üsulu olmayıb, yalnız icrası vaxtına görə, digər qələm calağı növündən fərqlənir. Qış qələm işləri bütün meyvə ağaclarında tutma ehtimalının az olmasından yalnız alma, armud, gavalı, ərik, üzüm ağaclarında tətbiq edilir.
Qış qələm calağı otaq şəraitində, istixanalarda qış mövsümündə aparılır. Digər calaq işləri bağlarda əkin yerlərindəki bitki üzərində aparıldığı halda bu calaq işləri stol üstündə yığılmış calaqaltılar və calaqüstülər üzərində aparılır. Odur ki, ona otaq calağı və ya stolüstü calaq da deyilir. Burada calaqaltı məqsədilə kök çiliyindən də istifadə edilə bilir. Bu halda bu calağa kök calağı da deyilir. Qış qələm calağı, qədim cərrahiyyə əməliyyatı olub, dünyanın qışı şaxtalı, vegetasiya dövrü gödək, başqa calaq növlərinin geniş tətbiqi üçün əlverişsiz olan bölgələrdə qış calağı tətbiq edilir. Respublikamızın Quba, Şəki, Tərtər rayonlarının meyvə tingliyi təsərrüfatlarında qış calağı ilə bitki yetişdirilməsi geniş tətbiq edilir.
Qış calağının üstünlükləri
Qış calağı böyük bioloji, təsərrüfat və iqtisadi əhəmiyyətə malikdir. Qış calağının üstün cəhətləri çoxdur: