Qabıqaltı calaq
Şirə hərəkəti başladıqdan sonra vurulur. Calaqaltı əsasından 15-20 santimetr hündürlükdə düz kəsilir. Kəsim yeri iti bağ bıçağı ilə hamarlanır. Kötükdə kəsimdən aşağı 2-3 santimetr uzunluqda iti qələm calağı bıçağı ilə qabıq çərtilir və bıçağın tiyəsinin arxasında olan çıxıntı ilə qabıq oduncaqdan ayrılır. Əvvəlcədən tədarük olunmuş calaqüstü çiliklər, saxlandığı yerdən çıxarılır və təmiz yuyulduqdan sonra çiliyin əsasında çəp kəsim alınır. Həmin kəsim calaqaltıda olan yarığa geydirilir və calaq yeri möhkəm sarındıqdan sonra açıq kəsim yerinə bağ məlhəmi sürtülür.
Şəkil 5.29-un izahı
1 - Yarma
2 - Yarım yarma
3 - Qabıqaltı
4 - Yandan
5 - Haysfus (keçi dırnağı)
6 - Dilli (yaxşılaşdırılmış)
7 - Yandan yəhərli
8 - Dilsiz qondarma
9 - Dilli qondarma
10 - Adi körpü
11 - Mismarla bərkidilmiş körpü
12 - Kambi qatları üst - üstə düşməlidir
13 - Sərbəst budağın qabıqaltı və qondarma
calağı
Yəhər calağı üsulu
Qondarma və ya qabıqaltı calaq üsulundan calaqüstü çiliyin kəsim tipi ilə fərqlənir. Bu üsulda çilik adi kəsim qaydası ilə kəsilir. Calaq vurmaq üçün calaqaltı əsasından 15-20 santimetr hündürlükdə düz kəsilir. Əgər calaq şirə hərəkəti başlayana qədər aparılarsa, onda kəsimdən aşağı 2,5-3 santimetr uzunluqda nazik oduncaqlı qabıq kəsilir, şirə hərəkəti başladıqdan sonra aparıldıqda isə qabıq həmin uzunluqda çərtilir və oduncaqdan ayrılır.
Çiyinli kəsim həmin kəsimə və yarığa elə qoyulur ki, çiyinə bənzər çıxıntı kötükdə olan düz kəsimdə otursun. Calaq möhkəm sarındıqdan sonra açıq kəsim yerlərinə bağ məlhəmi sürtülür.
Körpü calağı
Bağlardakı cavan ağacların gövdə qabığı qış fəslində müxtəlif gəmiricilər tərəfindən ciddi şəkildə zədələnir (Şəkil 5.30). Zədələnmiş ağacları sonrakı qurumadan qorumaq məqsədilə körpü calağından istifadə edilir. Calaq vurmaq üçün gövdənin zədələnmiş hissəsi iti bıçaqla sağlam toxumaya çatana qədər təmizlənir. Əgər calaq şirə hərəkəti başlayana qədər aparılarsa, o halda zədələnmiş və sonradan təmizlənmiş hissədən aşağıda və yuxarıda sağlam hissədə kəsimə doğru 3-5 santimetr uzunluqda nazik oduncaqlı qabıq kəsilib götürülür. Şirə hərəkəti başladıqdan sonra calaq vurulduqda isə həmin hissədə eyni uzunluqda qabıq çərtilir. Zədələnmiş ağacın özündən əmələ gəlmiş birillik vegetativ boy artımlarından tədarük olunmuş çilik zədələnmiş hissədən aşağı və yuxarıda olan kəsimlərə uyğun uzunluqda kəsilir.