Çəp kəsim
Bu kəsim sadə körpü və yaxşılaşdırılmış qələm calağı üsulları üçün istifadə edilir. Çəp kəsim iti qələm calağı bıçağı ilə bir dəfəyə alınmalıdır. Kəsimi almaq üçün çilik bıçağın əsası ilə birlikdə sağ əlin ovcuna qoyulur. Bıçağın tiyəsi çiliyə yönəldilir və ovuc örtülür (Şəkil 5.24). Sağ əlin baş barmağı ilə tiyəni çiliyə sıxmaq və onu aşağıya özünə doğru çəkmək sol əlin baş və şəhadət barmaqları ilə isə çiliyin uc tərəfindən tutaraq onu eyni vaxtda irəli və yuxarıya doğru çəkmək lazımdır (Şəkil 5.25, Şəkil 5.26 və Şəkil 5.27). Bu zaman hamar və düzgün kəsim alınır.
Çiyinli kəsim
Bu tipdə olan kəsim əsasən yəhər qondarma və qabıqaltı calaq üsullarında istifadə edilir. Çiyinli kəsim üçün əvvəlcə çilikdə çəp kəsim alınır. Sonra çəp kəsimin əsasa yaxın hissəsində bıçağın tiyəsi kəsimə köndələn qoyularaq onu özəyə qədər kəsir və bıçaq kəsimin aşağı hissəsindən qoyularaq yuxarı köndələn kəsimə doğru yönəldilərək nazik oduncaq qatı kəsilib götürülür. Nəticədə çəp kəsimdə T şəkilli kəsim almır.
Paz şəkilli kəsim
Paz şəkilli kəsimdən əsasən yarma yandan və körpü calağı üsullarında istifadə olunur. Belə kəsim almaq üçün çiliyin əsasa yaxın hissəsinin hər iki tərəfində çəp kəsim açılır. Nəticədə çiliyin hər iki tərəfindən qabıq və nazik oduncağı götürülmüş paz şəkilli kəsim alınır (Şəkil 5.28).
Qələm calağı həm tinglikdə həm də bağda vurula bilər. Tinglikdə göz calağı üçün yararsız olan yoğun calaqaltılar ting əldə etmək üçün bağda isə sort tərkibini dəyişmək üçün ağaclara qələm calağı vurulur.
Qələm calağı üsulları çox olduğundan onları calaq komponentlərinin yoğunluğuna (diametrinə) görə iki qrupa ayırmaq olur. Calaqaltı və calaqüstünün diametrləri eyni yoğunluğa malik olduqda sadə və yaxşılaşdırılmış, müxtəlif olduqda isə qalan qələm calağı üsulları tətbiq edilir.