Meyvə və giləmeyvə bitkilərinin xırda köklərini morfoloji əlamətləri, anatomik quruluşları və yerinə yetirdikləri vəzifəyə görə dörd qrupa bölmək olar: Boy kökləri - ibtidai quruluşlu, ağ rəngli, çoxlu qatlı olub yüksək sorma qabiliyyətinə malikdir. Belə köklərin vəzifəsi bitkinin kök sistemini genişləndirib yeni torpaq sahələrini tutmaq, suyu və suda həll olan maddələri udmaq və sorucu köklər əmələ gətirməkdən ibarətdir. Boy kökləri onlardan əmələ gələn yan sorucu köklərə nisbətən yoğun, sürətlə böyüyən olub miqdar etibarilə sorucu köklərdən azdır. Sorucu köklər - ağ rəngli şəffaf, 0,3 millimetr yoğunluqda, 0,1-4 millimetr uzunluğunda olub əsas vəzifəsi torpaqdan suyu və mineral qida maddələrini sormaqdan ibarətdir. Onlar yüksək fizioloji aktivliyə malikdir, uzun ömürlü deyil. Bitkinin kök sisteminin 90 faizdən çoxunu sorucu köklər təşkil edir. Bu köklərin həyat fəaliyyəti 15-20 gün davam edir. Keçid (aralıq) köklər - nisbətən yoğun və uzun olub vəzifəsi sorucu köklərdə olduğu kimi, torpaqdan suyu və qida maddələrini sormaqdan və həll olunmuş qida maddələrini yuxarı hissəyə ötürməkdən ibarətdir. Bitkidə keçid köklərinin varlığı həmin bitkinin kök sisteminin fəaliyyətdə olduğunu göstərir. Keçirici (ötürücü) və ya passiv köklər - açıq qəhvəyi və tünd qəhvəyi rəngdə olub boy kökləri üzərində əmələ gəlir. Keçirici köklərin vəzifəsi bitkini torpağa möhkəmləndirmək, su və qida maddələrini ağacın çətirinə, fotosintezin məhsullarını isə çətirdən kök sisteminə keçirməkdən ibarətdir. Keçirici köklər çoxillik olub tədricən yoğunlaşaraq skelet köklərə çevrilir. Kök sisteminin quruluşu və inkişaf gücü becərilən növün, eləcə də sortun bioloji xüsusiyyətlərindən, torpaq və iqlim şəraitindən, tətbiq edilən aqrotexnikadan və s. asılıdır. Bitkinin yerüstü hissəsinin ölçüləri də kök sisteminin dərəcəsindən asılıdır. |