Kök telləri kökün boy nöqtəsinin ucunda yerləşir. Kökün boy nöqtəsi kök üsküyü (qoruyucu) ilə
örtülü olur (Şəkil 4.4). Kökün ucunda kök üsküyünün olması və kökdə yarpaq və tumurcuqların
olmaması kökü gövdədən ayıran əsas xüsusiyyətdir. Üsküyün vəzifəsi kökün boy nöqtəsini xarici
təsirdən (sınmaqdan, çürüməkdən, zədələnməkdən) qorumaq, onun torpağın dərin qatlarına getməsi
üçün şərait yaratmaqdan ibarətdir. Köklərin qalan hissələri, əsasən, ötürücü rolunu oynayır və
qida maddələrinin saxlanmasına xidmət edir. Qalınlığına, boyuna və budaqlanmasına görə köklər -
skelet, yarımskelet və saçaqlı köklərə bölünür. Kök sisteminin
əsas skeletini təşkil edən ən iri
köklər şaquli (yuxarıdan aşağı) və üfüqi (soldan sağa) istiqamətlərdə yerləşir. Şaquli köklər
bitkiyə mexaniki davamlılıq verir və torpağın aşağı qatlarından su və qida elementlərini sorur.
Əgər şaquli kök bilavasitə kök boğazından başlayaraq yaxşı inkişaf edibsə, həmin kök əsas və ya
mil kökü adlanır (Şəkil 4.5, Şəkil 4.6). Mil kökünün üzərində əmələ gələn yan köklərə isə
birinci sıra skelet köklər deyilir. Üfüqi köklər şaquli köklərə nisbətən daha çox budaqlanmış
olur. Alma, armud, gilasda onlar torpağın 75-150 santimetr dərinliyinə qədər, albalı, gavalı və
giləmeyvə bitkilərində isə nisbətən üst qatlarda yerləşir. Əsas kök - rüşeym
kökcüyündən inkişaf
etmiş kökə deyilir. Əlavə kök - bitkinin digər vegetativ orqanlarından (gövdə, yarpaq) inkişaf
etmiş kökə deyilir. Yan kök - sadəcə kökdən (əsas, əlavə və yan köklərdən) inkişaf etmiş kökə
deyilir.
Əsas kök + Yan kök = Mil kök sistemi İkiləpəli bitkilərin çoxunda, məsələn, dəvətikanı, pambıq, qarayonca, ağaclarda və başqa bitkilərdə mil kök sistemi olur. Əlavə kök + Yan kök = Saçaqlı kök sistemi Birləpəli bitkilərin çoxunda, məsələn, taxıl bitkilərində, soğan, sarımsaq, dağlaləsi (tülpan) və başqalarında saçaqlı kök sistemi olur. (Şəkil 4.5). Onlar fəal və sorucu köklərin daşıyıcıları hesab olunur. |