Bizi əhatə edən canlı təbiətin bir hissəsi olan otlar, kollar, ağaclar və digər canlı varlıqlar yaşamaları üçün özlərinə lazım olan hava, su, işıq və qida maddələrini müxtəlif orqanları vasitəsilə qəbul edir. Bitkilərin yaşamaları üçün əsas yararlı orqanlar kök, gövdə və yarpaq hesab olunur. Təbiətdə yayılan bitkilərin necə əmələ gəlməsi, onların qohumluq əlaqələrinin öyrənilməsi, sistemləşdirilməsi daima dünya alimlərini düşündürmüşdür. Hazırda planetimizdə bizi əhatə edən, oksigenlə insanları təmin edən yaşıl bitkiləri sistemləşdirilmiş təsnifata görə qruplaşdıraraq tam dəqiq öyrənmək mümkündür.
4.1. Meyvə bitkilərinin əsas orqanları
Meyvə və giləmeyvə bitkiləri vegetativ və generativ orqanlara malikdir. Vegetativ orqanlar böyümə orqanları olub kökdən, gövdədən, yarpaqlardan, generativ orqanlar isə törəmə orqanları olub, erkəkcik və dişiciklərdən ibarətdir (Şəkil 4.1, Şəkil 4.2). 4.1.1. Kök sistemiKök sistemi bitkinin yeraltı hissəsi kimi köklərin cəmindən ibarətdir. Bitkini torpağa bərkidərək düz vəziyyətdə saxlayır. Torpaqdan suyu və suda həll olan mineral maddələri və karbon qazını udub yarpaqlara ötürür. Həm də yarpaqda olan üzvi maddələrin köklərə verilməsinə, onun normal böyüməsi və inkişafı üçün şərait yaratmağa, ehtiyat qida maddələrinin saxlanmasına, bir sıra bitkilərdə (albalı, heyva və s.) çoxalma məqsədinə xidmət edir. Köklərin cavan hissələri adi gözlə görünməyən xırda kök telləri ilə örtülür. Fəal köklər və kök telləri (əmici tellər) torpaqdan suyu və qida maddələrini sorur. Suda həll olmayan maddələr, kök tellərindən ayrılan turşular vasitəsilə həll edilir və bundan sonra həmin maddələr bitkilər tərəfindən istifadə olunur (Şəkil 4.3). Kök tellərindən ayrılmış maddələr köklərin ətrafındakı torpaqda bir sıra mikroorqanizmlər üçün əlverişli mühit yaradır və onlar da öz növbəsində lazımi qida maddələrinin bitkiyə daxil olmasına köməklik göstərir. |