3.5.1. Alaqlarla kimyəvi mübarizə üsulları
Alaqlarla kimyəvi mübarizə üsulları çox təsirli və ucuz olmaqdan əlavə yüksək məhsuldardır, çox əmək sərf etmədən həyata keçirilir. Yalnız texnikadan və kimyəvi maddələrdən istifadə etməklə aparılır. Alaqları məhv etmək üçün müasir elm herbisidlər (latınca herba-ot və tsido-məhv edirəm sözlərindən götürülmüşdür) adlanan kimyəvi maddələr hazırlamışdır (Şəkil 3.30). Bu maddələr kənd təsərrüfatı bitkilərinin əkinlərində alaqları məhv etmək, çəmən və otlaqları zəhərli bitki və kollardan təmizləmək, kanalların və su hövzələrinin alaqlarla örtülməsi ilə mübarizədə və s. uğurla tətbiq olunur. Herbisidlərin bütün əkin yerlərində tətbiq olunması milyon tonlarla kənd təsərrüfatı məhsullarını qoruyub saxlamağa imkan verir. Herbisidlər kimyəvi birləşmələrin ən müxtəlif siniflərinə aiddir. Mədəni və alaq bitkilərinə təsir etməsinə görə ümumi məhvedici (tarlada olan bütün bitkiləri məhv edir) və seçmə tələfedici (ancaq nəzərdə tutulan alaqları məhv edir) qruplara bölünür:
|
Ümumi məhvedici herbisidlər sahəyə vurulan zaman sahədə olan bütün bitkilər məhv olur. Bu herbisidlərdən tarlada mədəni bitkilər olmayan dövrlərdə istifadə edirlər.
Seçmə məhvedici herbisidlər isə mədəni bitki əkinlərinə ziyan vurmadan alaq otlarını məhv edir. Herbisidlər məhlullar, emulsiyalar, toz və dənəvər və s. şəklində tətbiq olunur. Herbisidlərdən istifadə olunmasının ən çox yayılmış üsulu çiləmədir (Şəkil 3.31). Herbisid dozasının və sərf olunacaq maye normasının seçilməsi herbisidin xassələri, mədəni və alaq bitkilərinin növ və yaş xüsusiyyətləri, sahənin alaq basma dərəcəsi və hava şəraiti ilə təyin edilir.