Çoxillik və köküpöhrəli alaqlar Bu alaqlar çox inkişaf etmiş güclü kök sisteminə malikdir. Onların kök sistemi torpağın 2-6 metr və daha çox dərinliyinə gedə bilir. Torpağın müxtəlif dərinliyində əsas köklərdən yeni köklər ayrılır. Bunlar da öz növbəsində yoğunlaşır və inkişaf edərək yeni bitki əmələ gətirir. Bu köklərdə çoxlu miqdarda qida maddələri toplanır və vaxtaşırı köklərdə olan tumurcuqlardan gövdələr və ya pöhrələr əmələ gəlir. Köküpöhrəli alaq bitkilərindən çəhrayı və çöl südotunu (Şəkil 3.23), süddüyəni, çölsarmaşığını, sürünən kəkrəni, çəhrayı kəkrə, vəzərək (Şəkil 3.24), dəvətikanı (Şəkil 3.25) bitkilərini göstərmək olar. Bu alaqlara qarşı mübarizə böyük çətinliklər törədir. Çünki onlar kök sistemləri ilə yanaşı, külli miqdarda cücərmə qabiliyyətinə malik olan toxumlarla da çoxalır. Çoxillik mil və saçaqköklü alaqlar Mil və saçaqköklü alaqlardan ən geniş yayılanlara ot və adi əvəliklər, acıyovşan, qaymaqçiçəyi (Şəkil 3.26), bağayarpağı, zəncirotu və s. aid etmək olar. Milköklü alaq otlarının əsas və onlardan ayrılan yan kökləri torpağın çox dərin qatlarına keçə bilir. Torpaq becərilən vaxtı köklər kiçik hissələrə parçalanır və bu hissələrin kök boğazında yerləşən tumurcuqlar pöhrələnərək yeni bitki əmələ gətirir. Bu növ bitkilər toxumları ilə də çoxalır. Saçaqlı köklərə malik olan bitkilərdən qaymaqçiçəyi, zəncirotu (Şəkil 3.27), turacotu və bağayarpağını göstərmək olar. Bu bitkilərdə kök saçaqlarının inkişafı kök boğazından başlayır. Saçaqlı kökə malik olan bitkilər əksərən toxumları vasitəsilə çoxalır. Mil və saçaqköklü alaq bitkilərini keyfiyyətli becərmə aparmaqla məhv etmək olar. |