Onlar öz inkişafını ancaq çoxillik mədəni bitkilərin sahəsində başa çatdırır. Birillik və
ikiillik alaqlardan başqa, əkin sahələrində çoxillik alaqlar da geniş yayılmışdır.
3.4.5. Çoxillik alaqlar
Onların növləri olduqca çoxdur və əkinçiliyə böyük ziyan vurur. Çoxillik alaq otları bir neçə il yaşamaq qabiliyyətinə malikdir və hər il külli miqdarda toxum verir. Çoxillik alaq otları öz bioloji xüsusiyyətlərinə görə müxtəlif yolla çoxalır. Bu qrupa daxil olan alaq növlərinin əksəriyyəti yeraltı vegetativ orqanları - kökümsov gövdələri, soğanaqları və köküyumruları vasitəsilə artır. Toxumla çoxalan alaqlar da vardır ki, bunlar azlıq təşkil edir. Yeraltı orqanları ilə çoxalma xüsusiyyətlərinə görə çoxillik alaqlar aşağıdakı qruplara ayrılır: Kökümsov gövdəli çoxillik alaqlar Onlar birillik və ikiillik alaqlardan öz bioloji xüsusiyyətlərinə görə fərqlənir. Belə ki, alaqların xarakterik əlamətləri onların kökümsov gövdələri ilə çoxalmasıdır. Bu alaqların bütün mövsümlərdə kökümsov gövdəsindən kök tumurcuqları və onlardan da yarpaqlar əmələ gəlir. Bu alaqların kökləri doğranılıb kiçik hissələrə bölündükdə belə ayrı-ayrı hissələri yeni bitki verir. Bu qrupa aid olan alaqlardan çöl qatırquyruğunu (Şəkil 3.21), qamışı (Şəkil 3.22), yumrulu salaməleyküm, tülküquyruq sofora, şişyarpaq ayrığı, çayır, kalış, ayrıqotunu və s. göstərmək olar. Kökümsov gövdəli alaqların kökümsovu 40 santimetr dərinliyə kimi çatır. Yeni əmələ gəlmiş kökümsov gövdələr, adətən 20 santimetrə qədər dərinlikdə, köhnə kökümsovlar isə daha dərin qatda yerləşir. Ən fəal kökümsov gövdələr yeni əmələ gələnlərdir ki, bunlar buğumlardan ibarət olub və hər bir buğumun üzərində 2-3 tumurcuq yerləşir. Əlverişli şərait olan kimi hər bir tumurcuq yeni bitki verir. Bu qrupdan olan alaqlar təsərrüfat üçün çox zərərlidir və bunlarla mübarizə birillik və ikiilliklərə nisbətən çətinlik törədir və çox zəhmət tələb edir. |