3.4.3. Birillik payızlıq və qışlayan alaqlar
Bu qrupa daxil olan alaqların toxumları yazda və payızda cücərir. Yazda və payızda cücərən toxumlardan əmələ gələn alaq otları erkən yazda gövdələr əmələ gətirərək çiçəkləyib toxum verir. Bu alaqlar quşəppəyi, çobanyastığı (Şəkil 3.18, Şəkil 3.19), şüvərən və quştərəsi payızlıq əkini sahələrində çox geniş yayılmışdır.
3.4.4. İkiillik alaqlar
Bu qrupa daxil olan alaq növləri say etibarilə nisbətən azdır. İkiillik alaqlar da birillik kimi vegetasiya ərzində bir dəfə toxum verir. Onlar, adətən, payızda cücərir və qış fəslini rozet halında keçirir. Yazda cücərmiş toxumları isə birinci yay fəslində çox da hündür olmayan gövdələr verir və kök boğazcığı hissəsində tumurcuqlar əmələ gətirir. Onlar bu vəziyyətdə qışı keçirdikdən sonra ikinci yay fəslində toxum verən gövdələr əmələ gətirir. Toxumlar yetişdikdən sonra yerə tökülür, bitkinin özü isə quruyub tələf olur. Göründüyü kimi bu alaqların tam inkişafı iki vegetasiya müddəti tələb edir və ikinci il toxum verir. Ümumiyyətlə, bu qrupa daxil olan alaqlar yalnız toxumları vasitəsilə çoxalır. Bu qrupa mənsub olan alaq otlarından barıncı, qanqalın bir neçə növünü, bat-batı, tonqalotunu (Şəkil 3.20), yovşanı, quduzotunu, süprəki və s. göstərmək olar. Yuxarıda göstərilən birillik və ikiillik alaqlar bioloji xüsusiyyətlərinə görə müxtəlif vaxtlarda və fəsillərdə boy atıb inkişaf edir. Gecyetişən yazlıq alaqlar bütün əkin sahələrində inkişaf edir. Bu ondan irəli gəlir ki, onların cücərməsi havaların istiləşməsindən, mədəni bitkilərin cücərməsindən sonra başlayır. Payızlıq və qışlayan alaqlar payızlıq əkin sahələrində geniş yayılır. İkiillik alaqlar birillik mədəni bitkilərin əkin sahələrində öz inkişafını başa çatdıra bilmir. Çünki torpaqda müxtəlif aqrotexniki tədbirlərin aparılması nəticəsində məhv edilir. |