Alaq toxumları təmizlənməmiş mədəni bitki toxumları ilə səpiləndə, yetişmiş toxumlar tarlaya töküləndə onları külək, heyvanlar, quşlar gətirir, taxıl döyüləndə və dən təmizlənəndə çıxan tullantılar pörtlədilmədən (bişirilmədən) mal-qaraya yediriləndə onların peyini ilə də torpağa düşə bilər. Kənd təsərrüfatı bitkilərinin keyfiyyətsiz becərilməsi nəticəsində də alaqlar çox artır. Yol və kanalların kənarındakı alaqlar vaxtında məhv edilmədikdə onlarda torpaqda alaq toxumlarının sayını artırır. Kənd təsərrüfatı bitkiləri istər bir ölkə daxilində, istərsə də bir dövlət ərazisindən başqasına aparıldıqda da alaqlar yayılır. Bir çox alimlərin fikrinə görə, Amerikadan Avropaya 150 növdən çox alaq gətirilmişdir. Torpaqda toxumlardan əlavə, alaqların külli miqdarda vegetativ çoxalma üzvləri də (kökləri, kökümsovlu gövdələri, kök yumruları, soğanaqları və s.) toplaşır. Mərkəzi rayonların qaratorpaqlarında bir hektarda 640 kiloqrama qədər cır sarımsaq soğanağı, 2 tondan 12 tona qədər ayrıqotu (Şəkil 3.8) və 4 tona qədər qanqal kökü (Şəkil 3.10) toplana bilir. Torpaqda alaq toxumları bərabər paylanmır. Torpağın 0-dan 10 santimetrədək qatında onların ehtiyatı daha çox olur. 10-20 santimetr dərinlikdə alaq toxumları bundan iki dəfə az, çox dərinlikdə isə cüzi miqdarda olur. Alaqların vegetativ orqanlarının torpaqda toplaşdığı dərinlik alaq növlərinin bioloji xüsusiyyətlərindən asılıdır. Məsələn, kökümsov gövdəli alaqların (ayrıqotu, qırxbuğum, boymadərən (Şəkil 3.11, Şəkil 3.12) çoxunda kökümsov gövdələr torpağın dərinliyində olmur, kökündən pöhrə verən alaqların (çöl qanqalı, kəkrə və s. (Şəkil 3.13) kökləri isə şum qatından dərində olur və onların əsas kökləri bir neçə metr dərinliyə qədər işləyir. |