Alaqların qopartikan, tikan və qılçıq şəklində meyvələri qoyun və keçilərin tüklərinə ilişib
yunun keyfiyyətini kəskin sürətdə aşağı salır. Alaq otlarının toxumları ilə zibillənmiş yun,
toxumlardan təmizlənəndə yunun cox miqdarı itir, satışda aşağı qiymətə alınır və təsərrüfata
xeyli ziyan vurur (Şəkil 3.5). Alaqların yetişməmiş toxumları dənli bitkilərin məhsuluna
qarışaraq dənin rütubətini artırır və bununla dənin düzgün saxlanması üçün təhlükə törədir.
Alaqların aşağıdakı xüsusiyyətlərinə görə bitkilərin məhsuldarlığı və keyfiyyəti aşağı düşür.
Alaqlar mədəni bitkiləri sudan, işıqdan və qida maddələrindən məhrum edir. Bir çox alaqlar
mədəni bitkilərə nisbətən torpaqdan 2-3 dəfə çox su çəkir. Alaqların çoxunda yarpaqların miqdarı
həddindən artıq çox olur, onlar mədəni bitkiləri kölgələndirir və onları işıqdan məhrum edir
(Şəkil 3.6). Alaqlar artıb inkişaf edəndə mədəni bitkilərə nisbətən torpaqdan daha çox qida
maddələri alır. Torpağı gücdən salan alaqlardan başqa, mədəni bitkilərin kök və gövdəsinə
yapışıb onların qida maddələrini sorub bitkini inkişafdan salan və yaxud tamamilə məhv edən
alaqlar da var (Şəkil 3.7). Bunlardan əlavə, bir çox alaqlar mədəni bitkilərin növ və sort
keyfiyyətinə təsir göstərir. Xaççiçəklilər fəslində olan alaqlar kələm, qırmızı, ağ turp və
başqa tərəvəz bitkilərini tozlandıraraq onların keyfiyyətini azaldır. Alaqlar kənd təsərrüfatı
bitkilərinin ziyanvericiləri və xəstəliktörədicilərinin çoxalması üçün şərait yaradır və məhsula
böyük ziyan vuran çöl siçanları, siçovullar və sair gəmiricilər üçün sığınacaq olur. Bir çox
zərərli həşaratlar əvvəlcə alaqlar üzərində yerləşir, çoxalır, sonra mədəni bitkilər üzərinə
keçərək onları zədələyir. Məsələn, payız sovkasının kəpənəyi çöl sarmaşığı, unluca, qanqal
bitkisinin yarpaqlarına yumurta tökür, bunlardan çıxan tırtıllar payızlıq taxılların
cücərtilərini güclü zədələyir. Xaççiçəkli alaqlar üzərində çoxlu miqdarda yarpaqyeyən böcəklər,
torpaq birələri inkişaf edir, bunlar da yazda, təzə inkişaf etmək istəyən tərəvəz cücərtilərini
tamamilə məhv edir. Quşüzümü fəsiləsindən olan alaqlarda kartofun ən qorxulu xəstəliyi olan
xərçəng inkişaf edir.
|
Şəkil 3.4. Yovşan bitkisi
Şəkil 3.5. Tikanlı və alaqlı sahədə otlayan qoyunlar
Şəkil 3.6. Yarpağı çox olan alaqlar
|