Bütün kənd təsərrüfatı bitkilərindən yüksək və sabit məhsullar götürülməsi üçün torpaq və əkinlərin alaqlardan təmizlənməsinin böyük əhəmiyyəti vardır. Alaqlar böyük bir bitki qrupudur. Alaqlar mədəni bitkilərlə eyni vaxtda meydana çıxıb. Onlar mədəni bitkilərin yetişdirildiyi şəraitə daha yaxşı uyğunlaşır. Hazırda alaqlar mədəni bitkilərlə birlikdə bitir və inkişaf edir. Alaqlar kənd təsərrüfatı bitkilərinin əkinində, təbii biçənəklərdə, otlaqlarda, meyvə bağlarında, hətta meşələrdə kütləvi şəkildə bitir. Onları məhv etmək əkinçiliyin ən mühüm məsələlərindən biridir, çünki yalnız alaqlardan təmizlənmiş sahələrdən yüksək məhsul götürmək olur.
3.1. Alaqların vurduğu zərər
Bütün yer kürəsində geniş yayılmış alaqlar əkinçiliyə və heyvandarlığa böyük ziyan vurur. Təxmini hesablamalara görə alaqların əkin sahələrinə vurduğu ziyan nəticəsində hər il planetimizin təsərrüfatları 6570 milyon ton məhsul itirir. Alaqların vurduğu ziyan xəstəlik və zərərvericilərin vurduğu ziyandan dəfələrlə çoxdur. Təcrübələr göstərir ki, alaqlar olmayan sahələrdə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı alaqlı sahələrə nisbətən 2-3 dəfə yüksək olur. Alaqlı sahələrdən yığılan taxıl dəni cılız (arıq, balaca), dənin tərkibində olan zülalın miqdarı isə çox az olur (Şəkil 3.1). Bununla yanaşı, alaqlar digər bitkilərin də məhsullarının keyfiyyətini azaldır, belə ki, şəkər çuğundurunun kökündə şəkərin miqdarı, günəbaxan toxumunda yağın miqdarı, kətan gövdəsində lif çıxımı və s. azalır. Bəzi alaqların, məsələn, əkin qərənfili, bihuşedici quramit (Şəkil 3.2), bat-bat (Şəkil 3.3) və s. toxumları dənlə üyüdülərək una qarışır və onun keyfiyyətini pisləşdirir, bir çox alaqlar (yovşan (Şəkil 3.4), cır sarımsaq və s.) isə mal-qara tərəfindən yeyildikdə süd məhsullarının keyfiyyətini pisləşdirir. |