Becərilmə qaydasına və ya aqrotexnikasına görə qruplaşdırma - Tərəvəz bitkilərinin aqrotexnikasını asanlaşdırmaq üçün onlar becərilmə xüsusiyyətlərinə görə aşağıdakı qruplara bölünür:
Kələmin bütün növləri;
Kökümeyvəlilər - yerkökü, çuğundur, ağ turp, rus turpu, şalğam, cəfəri, kərəviz, kök;
Gövdəyumrulular - kartof, batat, yeralması;
Soğanaqlılar - baş soğan, sarımsaq, kəvər və s.;
Meyvəli tərəvəz bitkiləri - pomidor, bibər, badımcan, fizalis, xiyar, bostan bitkiləri, paxlalılar, şəkərli qarğıdalı;
Səbzə tərəvəz bitkiləri - ispanaq, kahı, acıtərə, qırmızı turp, səbzə soğan (bu baş soğan növüdür), şüyüd, keşniş, reyhan, mərzə, yarpaq xardal, yarpaq kələm;
Çoxillik tərəvəz bitkiləri - tərxun, nanə, ənginar, qulançar, əvəlik, quzuqulağı, xardal, razyana, zirə, baton soğan, şit soğan, çoxmərtəbəli soğan. Bəzən kərəviz və cəfərini də çoxillik kimi becərib yarpağını biçirlər.
Seleksiya sözü latınca Selectio - seçmə deməkdir. Seleksiya seçmədən bəhs edən bir elmdir. İnsanlar yabanı bitkiləri becərməyə və vəhşi heyvanları əhlilləşdirməyə başladığı çox qədim vaxtlardan seleksiyanın bünövrəsi qoyulmağa başlamışdır. Seleksiya dedikdə praktiki olaraq mədəni bitki sortlarının yaxşılaşdırılması, həmçinin, yenilərinin yaradılması haqqında elm başa düşülür. Seleksiyanın son məqsədi təsərrüfatın tələblərinə cavab vərən bitki sortlarının növdaxili və növlərarası hibridləşdirmə aparılmaqla yeni sortların yaradılmasıdır. Müxtəlif tərəvəz növlərində də yeni məhsuldar, xəstəliklərə davamlı, keyfiyyətli, daşınmaya davamlı sortların yaradılması üçün seleksiyanın əhəmiyyəti yüksəkdir.