Batat şirin kartof da adlanır. Kartofa oxşayır, əsasən, Çində, Cənubi Amerikada, Yaponiyada, Hindistanda, Yeni Zelandiyada, Türkmənistanda və Şimali Qafqaz bölgəsində yayılmışdır. Batat istisevən çoxillik bitkidir. Uzunsov formalıdır, çəkisi 0,3-dən 1,5 kiloqrama qədərdir. Tərkibində orta hesabla 72,5 faiz su, 3,75 faiz zülal, 24 faiz karbohidrat, o cümlədən, 15-20 faiz nişasta və 1,2-2 faiz şəkər, 0,8-1,5 faiz mineral maddə, 1 faiz sellüloza vardır. 100 qram bataq 466 kilocoul enerji verir. Tərkibində 397 milliqram faiz kalium, 49 milliqram faiz fosfor, 1 milliqram faiz dəmir, vitaminlərdən milliqram faizlə: C-23, B1-0,10, B2-0,05, P-0,5 və 0,3 milliqram faiz karotin vardır. Batatın ətli hissəsi ağ-qırmızı və ya çəhrayı olur. Şirin xörəklərin və sulu xörəklərin hazırlanmasında istifadə olunur (Şəkil 2.43). |
Tərəvəz bitkiləri yeyilən hissələrinə və ya təsərrüfat nişanələrinə görə də müxtəlifdir. Tərəvəz bitkilərini elə becərmək lazımdır ki, onların yeyilən hissəsi tez yetişsin, məhsuldar və keyfiyyətli olsun. Odur ki, tərəvəz bitkilərini yeyilən hissələrinin adına görə aşağıdakı qruplara bölürlər:
Meyvəli tərəvəz bitkiləri - pomidor, badımcan, bibər, xiyar, yemiş, qarpız, qabaq, noxud, lobya, paxla, şəkərli qarğıdalı, bamiyə, bunlardan xiyar, badımcan, göy qabaq, qarğıdalı, lobya, noxud, paxlanın cavan meyvələri toxumlayana qədər, təzə toxumları olduqda və ya bir neçə günlük meyvələri yeyilir, pomidor, bibər, qarpız, yemiş, qabaq bitkilərinin meyvələrindən toxumu yetişdikdə istifadə olunur;
Kökümeyvəlilər - yerkökü, cəfəri, kərəviz, kök, çuğundur, ağ turp, qırmızı turp, rus turpu, şalğam;
Yarpağı yeyilənlər - kəvər, ağbaş kələm, qırmızıbaş kələm, şüyüd, keşniş, ispanaq, kahı, reyhan, tərxun, nanə və s. Bunlardan başqa, kərəviz, cəfəri və çuğundurun da yarpağı yeyilən formaları vardır. Cavan halında baş soğanın da yarpağı yeyilir və buna səbzə soğan deyilir;