2.10.2. Reyhan bitkisi
Dalamazkimilər fəsiləsinə aid olub birillik ot bitkisidir. Çarpaz tozlanandır. İstiliyə və işığa tələbkar, soyuğa davamsızdır. Yarpaqlarının rəngi sortdan asılı olaraq açıq-yaşıl və ya müxtəlif rənglərə çalan bənövşəyi ola bilir. Təbabətdə müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur (Şəkil 2.39).
2.11. Asterkimilər fəsiləsi (Asteroceae) - yarpaq kahı, baş kahı, tərxun,
ənginar və yeralması.
2.11.1. Kahı bitkisi
Qiymətli tərəvəz bitkisidir. Tərkibində quru maddənin miqdarı 5,25-11,35 faiz, o cümlədən, şəkərlər 2,66-3,57 faiz, zülal isə 2,93 faizə çatır. Kahının hər 100 qramında 4 milliqram natrium, 15 milliqram maqnezium, 30 milliqram kalsium, 49 milliqram fosfor, 421 milliqram kalium və xeyli miqdarda dəmir vardır. Kahının yarpaqları C, B1, B2, PP, A, E, K vitaminləri ilə zəngindir. Təbabətdə kahıdan müxtəlif xəstəliklərin müalicə olunmasında istifadə olunur. Kahı təzə halda xama, mayonez və həm də xiyar, pomidor, qırmızı turp, şüyüd və s. tərəvəzlərin qarışığı ilə birlikdə yeyilir. Mədəni kahının təsərrüfat əhəmiyyətli növü baş kahıdır (Şəkil 2.40). Baş kahı 1-2 dərəcə selsi soyuğa davamlı olub 6-8 dərəcə selsi şaxtaya qısa müddətdə dözür. Havanın istiliyinin gündüzlər 14-16 dərəcə selsi, axşamlar isə 8-12 dərəcə selsi olması baş bağlamasına müsbət təsir göstərir. Başqa bitkilər kimi kahı da torpağın qida maddələri ilə təmin olunmasına çox tələbkardır. Havada rütubətin 70-80 faiz olması bitkilərin normal inkişafı üçün yaxşı şərait yaradır. |