2.9. Quşüzümükimilər fəsiləsi (Asparagaceae) - dərman qulançarı (Şəkil 2.36)
Onlardan yalnız bir növü Asparagus officinalis (Dərman qulançarı) mədəni halda geniş surətdə əkilib becərilir. Azərbaycanda aparılan çoxillik tədqiqatlar nəticəsində məlum olmuşdur ki, bu bitkini Qazax-Gəncə bölgəsində və Abşeronda xalq arasında Qulançar, Qarabağda, Naxçıvan MR-nın rayonlarında və ona yaxın digər regionlarda yaşamış azərbaycanlılar isə bu bitkini "Mərəçüyüd", "Mərəçöyüd", "Mərəvçə" və s. adlandırırlar (Şəkil 2.37). Bütün bunları nəzərə alaraq 1973-cü ildən başlayaraq bitkinin iki adla adlandırılması qəbul edilmişdir. Qulançar və ya Mərəçüyüd 4000 il bundan əvvəl qədim Misirdə, daha sonra isə qədim Romada məlum idi. Respublikamızda Qulançar və Mərəçüyüdün 9 növünün yayılmasına baxmayaraq, onların bir neçə növü qidalılıq əhəmiyyətinə malik olub xalq arasında yeyilir. Dərman qulançarından Qafqaz xalqları arasında geniş istifadə olunur.
2.10. Dalamazkimilər fəsiləsi (Lamiaceae) – nanə və reyhan.
2.10.1. Nanə bitkisi
Dalamazkimilər fəsiləsinə aid olub çoxillik ot bitkisidir. Dünyada 25-30-a qədər növü olan, sağlamlıq baxımından son dərəcə faydalı, xoş qoxulu bir bitkidir. İstiliyə tələbkar, şaxtaya davamsızdır. Torpağın münbitliyinə və nəmliyinə tələbkardır. Daha çox nəmli yerləri sevir. Bir yerdə çox illər bitir və məhsul verir, lakin iki-üç ildən artıq qaldıqda bitkilər kobudlaşır və məhsulun miqdarı, keyfiyyəti aşağı düşür. Yaşıl və qara nanədən əlavə qırmızı nanə formaları da mövcuddur ki, bundan ancaq təbabətdə (dərman kimi) istifadə olunur. Nanədən salat və yeməklərə gözəl qoxu və fərqli dadı, ləzzət qatmaq üçün quru, ya da təzə halda istifadə edilir (Şəkil 2.38). |