2.7.2. İspanaq bitkisi Tərəkimilər fəsiləsinə aid birillik ot bitkisidir. Çarpaz tozlanandır. İspanağın yarpaqlarından və yenicə əmələ gəlmiş körpə gövdəsindən istifadə olunur. Soyuğa davamlı, günün uzunluğuna tələbkardır. Qısa gündə və sərin havada uzun müddət çiçək zoğu əmələ gətirmir və çiçək açmır. Vegetasiya müddəti günün uzunluğundan və havanın istiliyindən asılı olaraq dəyişir (Şəkil 2.32).
2.8. Soğankimilər fəsiləsi (Alliaceae) – baş soğan, sarımsaq və kəvər.
2.8.1. Soğanın əhəmiyyəti və bioloji xüsusiyyətləri
Soğanın əhəmiyyəti Soğan əsas tərəvəz bitkilərindən biridir. Yaşıl kütləsindən səbzə-tərəvəz kimi, baş soğandan isə yemək üçün və konserv sənayesində geniş istifadə olunur (Şəkil 2.33). Soğanın tərkibində 2 faiz zülal, 6-12 faiz şəkər, 0,6-1,4 faiz mineral duzlar, A, B, B2, C, PP vitaminləri və efir yağları kimi qiymətli maddələr vardır. Vitaminlər yaşıl kütlədə daha çoxdur. Azərbaycanda bir ildə adam başına 18 kiloqramdan çox soğan işlədilir. |
Bioloji xüsusiyyətləri
Soğan soğankimilər fəsiləsinin soğan cinsinə aid olub ikiillik bitkidir. Onun 400-ə qədər növü məlumdur. Azərbaycanda 4 növü müəyyən edilmişdir. Baş soğan daha çox yayılmışdır və bu növün böyük əhəmiyyəti vardır. Soğan saçaqlı kök sisteminə malikdir. Soğanağın forması sortdan asılı olaraq dəyişir. Baş soğan əlverişli iqlim və torpaq şəraitində özünün inkişaf dövrünü iki il müddətinə başa çatdırır. Toxumun tərkibində efir yağları çox olduğu üçün səpindən sonra o, gec islanır və gec cücərir. Soğan bitkisinin böyüməsi və inkişafı üçün xarici mühit şəraiti xüsusi əhəmiyyətə malikdir. Ona görə də bitki istiliyə, rütubətə, işığa və torpağın münbitliyinə çox tələbkardır. Soğan soyuğa davamlı bitkidir. Toxum 1-2 dərəcə selsi istilikdə cücərir. Soğan rütubətə çox tələbkardır. Aran yerlərində ildə 10-12 dəfə, dağətəyi yerlərdə isə yağıntıdan asılı olaraq 3-4 dəfə suvarılmalıdır. Soğan münbit, yumşaq, qumsal torpaqlarda daha yaxşı bitir.