2.6.5. Şüyüd bitkisi
Kərəvizkimilər fəsiləsinə mənsub olan birillik ot bitkidir. Çarpaz tozlanandır (həşəratlar vasitəsilə). Günün uzunluğuna və istiliyə tələbkardır. Qısa gündə çiçək zoğu əmələ gətirmir. Yüksək göyərti məhsulu verir. Kütləvi cücərmədən yetişməyə qədər olan dövr səpin vaxtından asılı olaraq 40-45 gündən başlamış 50-60 günə qədər və daha çox davam edir (Şəkil 2.30).
2.7. Tərəkimilər fəsiləsi (Chenopodiaceae) - mətbəx çuğunduru və ispanaq.
2.7.1. Mətbəx çuğundurunun əhəmiyyəti və bioloji xüsusiyyətləri
Çuğundurun əhəmiyyəti Çuğundur yerköküdən sonra əsas kökümeyvəli bitkilərdən biri hesab olunur (Şəkil 2.31). Yaxşı qaldığı üçün ondan bütün ilboyu istifadə olunur. Çuğundur həm konservləşdirilir, həm də duza qoyulur. Onun əsas kökümeyvələrindən qışda, yazda isə cavan yarpaqlarından istifadə olunur. Çuğundurun kökümeyvələri sulu karbonlarla, azotlu maddələrlə, vitaminlərlə (C, B1, B2, PP), dəmir, kalsium, maqnezium və s. maddələrlə zəngindir. Kökümeyvələrin tərkibində insan orqanizmi üçün əhəmiyyətli olan üzvi turşular (alma, şərab, süd, limon turşuları və s.), həmçinin, az miqdarda bor, brom, yod və s. maddələr vardır. Çuğundur müalicəvi əhəmiyyətə malikdir. Onun tərkibində P vitamininin olması qan damarlarının elastikliyini artırır və ürək-damar xəstəliklərinin qarşısını alır. |
Bioloji xüsusiyyətləri
Çuğundur tərəkimilər fəsiləsinə mənsubdur. Birinci il yarpaqları və kökümeyvələri, ikinci il gövdə, çiçək və toxum əmələ gətirir. Çiçəkləri xırda və çarpaz tozlanandır (həşəratlar vasitəsilə). Çuğundur uzun gün bitkisi olub işığa tələbkardır. Toxumlar 5-6 dərəcə selsi istilikdə cücərir. O, inkişafının ilk dövründə kökümeyvəlilər əmələ gələnə kimi 15-16 dərəcə selsi istilikdə daha yaxşı böyüyür. Çiçəkləmə və toxumların yetişməsi dövründə isə havada 18-25 dərəcə selsi temperaturun olması əlverişli hesab edilir.