Bioloji xüsusiyyətləri
Yerkökü mədəni halda ikiillik bitkidir. Vegetasiyanın (inkişafının) birinci ili yarpaqlar və kökümeyvə, ikinci ili 100 santimetr hündürlükdə budaqlanan və çiçəklənən gövdə əmələ gəlir. Yerkökü işıq sevən bitkidir, nisbətən soyuğa davamlıdır. Toxumların şişməsi və cücərməsi 4-5 dərəcə selsi istilikdə başlayır. Bitki nəmliyə və rütubətə çox tələbkardır. Bitki əkiləndən sonra kökümeyvə əmələ gələnə qədər torpaq-iqlim şəraitindən asılı olaraq 8-10 dəfə suvarmaq lazımdır.
2.6.2. Cəfəri bitkisi
Kərəvizkimilər fəsiləsinə mənsub olan ikiillik bitkidir. İki növmüxtəlifliyi məlumdur - meyvəköklü və yarpaq formalı. Səpinin birinci ili bitki yarpaqları və kökümeyvəni əmələ gətirir, ikinci ili isə çiçəkləyir və toxum əmələ gətirir. Həşəratlar vasitəsilə çarpaz tozlanır. Soyuğa davamlı bitkidir, təzə əmələ gəlmiş cücərtiləri kiçik şaxtaya davam gətirə bilir. Cəfərinin ancaq yarpaqlarından istifadə olunur (Şəkil 2.27). 2.6.3. Kərəviz bitkisiKərəvizkimilər fəsiləsinə mənsub olan ikiillik bitkidir. Birinci il yarpaq və kökümeyvəsi, ikinci ili isə çoxşaxəli çiçək zoğu əmələ gəlir, çiçəkləyir və toxum verir. Həşəratlar vasitəsilə çarpaz tozlanır. Soyuğa davamlıdır, iri bitkilər 6 dərəcə selsi şaxtaya dözür. İşığa, nəmliyə tələbkar bitkidir. Yüngül mexaniki tərkibə malik olan münbit torpaqlarda daha yaxşı əmələ gəlir. Azərbaycanda ancaq yarpaq formasından istifadə olunur (Şəkil 2.28).
2.6.4. Keşniş bitkisi
Kərəvizkimilər fəsiləsinə mənsub olan birillik ot bitkisidir. Çarpaz tozlanandır (həşəratlar vasitəsilə). Günün uzunluğuna və istiliyə tələbkardır, lakin yarpaqları soyuğa davamlıdır. Toxum zoğu əmələ gətirmir və toxum vermir, ona görə də istifadə müddəti uzanır. Ancaq yarpaqlarından istifadə olunur (Şəkil 2.29). Vegetasiya müddəti (kütləvi cücərmədən yetişməyə qədər olan dövr) səpin vaxtından asılı olaraq dəyişir və 35-40 gündən başlamış 50-60 günə qədər və daha çox uzana bilir. Bu müddət həm də sortun xüsusiyyətindən asılıdır. |