Ağ turpun əhəmiyyəti Turpun qidalılıq əhəmiyyəti böyükdür. Tərkibi vitaminlər (B1, B2, B6, PP, C), mineral duzlar (natrium, kalium, kalsium, maqnezium, dəmir, fosfor), kül maddələri, həmçinin, maddələr mübadiləsinə və qidanın həzm olunmasına kömək edən qiymətli maddələrlə zəngindir. Efir yağları turpa xüsusi dad, qlükozid birləşmələr isə acılıq tamı verir. Xiyarda olduğu kimi turpun tərkibində də orqanizmi zəhərli maddələrdən təmizləyən duzlar vardır. Bioloji xüsusiyyətləri Turp kələmkimilər fəsiləsinə aiddir. Turpun qış sortları ikiillik, tezyetişən sortları isə birillik bitkilərdir. (Şəkil 2.25). İkiillik sortlar birinci ildə iri yarpaqlar və kökümeyvə əmələ gətirir, ikinci ildə gövdə, çiçək, meyvə və toxum verir. Turp uzun gün şəraitində becərildikdə çiçəkləməsi və meyvə verməsi sürətlənir. Toxumun cücərməsi üçün istilik minimum 1-2 dərəcə selsi olmalıdır. 2.6. Kərəvizkimilər fəsiləsi (Apiaceae)Yerkökü, cəfəri, kərəviz, keşniş və şüyüd. 2.6.1. Yerkökünün əhəmiyyəti, botaniki və bioloji xüsusiyyətləriYerkökünün əhəmiyyəti Yerkökü təsərrüfat əhəmiyyətinə görə kökümeyvəlilər içərisində birinci yeri tutur. Ondan qida və pəhriz məhsulu kimi təzə və bişirilmiş halda, şorbada və müxtəlif xörəklərdə geniş istifadə olunur (Şəkil 2.26). |
Yerkökü şəkər və azotlu maddələrlə zəngin olub, tərkibində dəmir, kalium, kalsium, manqan, fosfor birləşmələri, B1, B2, B6, PP vitaminləri vardır. Onun toxumundan alınan dərmanlardan səhiyyədə ürək xəstəliklərini müalicə etmək üçün geniş istifadə olunur. Yerkökünün tərkibində orta hesabla 4-12 faiz şəkər, 0,53-2,23 faiz zülal, 0,1-0,7 faiz yağ, 0,54-3,50 faiz sellüloza, 0,4-2,9 faiz pektin maddəsi, 2,3-5,6 faiz azotsuz maddə, o cümlədən, nişasta, 0,6-1,7 faiz kül olur. Quru maddələrin ümumi miqdarı 8-20 faizə qədərdir.