Bitkinin baş bağlama (məhsulun əmələ gəlməsi) dövründə suya çox ehtiyacı olur. Torpağın nəmliyi
məhsul əmələ gəlmə dövründə 60-80 faiz, havanın rütubəti isə 60-90 faiz olması vacibdir. Ağbaş
kələm işığa çox tələbkardır. Kələm münbit və qida maddələri ilə zəngin torpaqlarda yüksək və
keyfiyyətli məhsul verir. Kələm üçün suyu özündə yaxşı saxlayan gillicəli torpaqlar daha
yararlıdır. Ağbaş kələm azot, kalium, fosfor və kalsiuma tələbkardır. Başbağlamaya qədər azota,
məhsul əmələ gətirmə dövründə kaliuma və fosfora daha çox tələbkar olur.
2.5.2. Gül kələmin əhəmiyyəti və bioloji xüsusiyyətləri
Gül kələmin əhəmiyyəti Gül kələm qiymətli tərəvəz bitkilərindən biri olub yüksək keyfiyyətli yeyinti məhsuludur. Onun tərkibində ağbaş kələmə nisbətən daha çox azotlu maddələr və sellüloza vardır. Bundan əlavə, gül kələmin tərkibində C və B vitaminləri ağbaş kələmdəkindən 2-3 dəfə artıqdır. Gül kələm həm də qiymətli ərzaq kimi çox əhəmiyyətlidir, çünki çox asan həzmə getmək xassəsinə malikdir. Buna görə də ondan sanatoriyalarda, müalicə müəssisələrində və uşaq bağçalarında daha çox istifadə edirlər (Şəkil 2.24). Gül kələm, əsasən, payız və qış aylarında yetişdirilir. Gül kələmin payızlıq sortları hektardan digər tərəvəz bitkilərinə nisbətən daha çox gəlir (pul, qazanc ) gətirir. Bioloji xüsusiyyətləri |
Gül kələmin becərilməsi üçün mülayim və rütubətli iqlim şəraiti tələb olunur. Payız-qış əkinlərində havanın temperaturu 7-14 dərəcə selsi olduqda gül kələmin başlarının yetişməsi daha yaxşı gedir. Havanın temperaturu 20 dərəcə selsidən artıq olduqda, xüsusən, hava quraq keçdikdə başlar kiçik və kobud olur, seyrək və kiçik yarpaqlar əmələ gətirir. Qış aylarında havanın temperaturu 5-7 dərəcə selsiyə endikdə gül kələmin inkişafı zəifləyir. Gül kələm havanın və torpağın rütubətinə olduqca tələbkardır. Nəmliyi çox olan zonalarda payız-qış və qış-yaz əkinlərində suvarmaya ehtiyac olmur, çünki bu dövrdə torpaqdakı nəmlik bəs edir. Gül kələmin kök sistemi zəif olduğundan gübrələrlə zəngin olan torpaqlarda yaxşı böyüyür və inkişaf edir. O, azot, fosfor və kalium gübrələrinə daha çox tələbkar olduğu üçün həmin maddələrin torpaqda çatışmaması məhsuldarlığı aşağı salır.