Bioloji xüsusiyyətləri Tərəvəz noxudu paxlakimilər fəsiləsinə aiddir. Bunlar soyuğadavamlı birillik ot bitkiləri olub mənfi 8 dərəcə selsi şaxtaya dözə bilir. Şaxtaya davamlı olduğu üçün bu bitkilərin toxumlarını erkən yazda respublikamızda hətta payızda (oktyabrda) səpməyə imkan verir. Toxumların cücərməsi üçün əlverişli temperatur 18-20 dərəcə selsi hesab olunur. Tərəvəz noxudu işığa tələbkar bitkidir. Tərəvəz noxudunun əsas bioloji xüsusiyyətlərindən biri də onlarda çoxalma əmsalının (toxum vermə) az olmasıdır. Əgər 1 hektar toxumluq kələm sahəsində alınan toxum 1000 hektar sahəni təmin edərsə, 1 hektar toxumluq tərəvəz noxudunun toxumu cəmi 8 hektar sahəni təmin edə bilir. 2.4.2. Tərəvəz lobyasının əhəmiyyəti və bioloji xüsusiyyətləri Tərəvəz lobyasının əhəmiyyəti Paxlalı tərəvəz bitkiləri içərisində istər qidalılığına, istərsə də istifadəsinə görə lobya mühüm yer tutur (Şəkil 2.20). Tərəvəz lobyasının yetişmiş meyvələrində quru maddənin miqdarı 14 faizdir. O cümlədən, quru toxumlarında 6 faiz zülal, 2,9 faiz azotlu maddə, 1 faiz sulu karbon, 4 faiz şəkər, 4-6 faiz sellüloza, 0,7 faiz kül, 29,2 faiz zülal vardır. 3 kiloqram tərəvəz lobyasının tərkibindəki zülalın miqdarı 1 kiloqram əti əvəz edir. Tərəvəz lobyasının toxumlarından yüksək keyfiyyətli müxtəlif milli xörəklər hazırlanır. Tərəvəz lobyası konserv sənayesi üçün mühüm xammal olmaqla yanaşı (Şəkil 2.21), həm də torpağı münbitləşdirir (əsasən, azotla) və mal-qaranın yemlənməsində zülallı yem kimi geniş istifadə edilir. O həmçinin, paxlakimilər fəsiləsindən olan bitkilərdən başqa, bütün kənd təsərrüfatı bitkiləri üçün ən yaxşı sələfdir (özündən sonra əkilən bitkilər üçün torpağı zənginləşdirir). |