Yem qarpızı - uzun və yoğun tağlıdır. Meyvələri uzunsov, əti bərk, az turşməzə, ağımsov - yaşıl, toxumları qonur, qırmızı və ya yaşıl olur. Heyvanların yemlənməsində və qənnadı sənayesində (şirniyyatların hazırlanmasında) istifadə olunur.
Yabanı qarpız - geniş növmüxtəlifliyinə malik olan çoxillik bitkidir. Tağları orta uzunluqda olur. Torpağa az tələbkar və quraqlığa çox davamlıdır.
Qarpız yemiş və qabağa nisbətən istiliyə daha çox tələbkardır. Onun toxumları 16-17 dərəcə selsi istilikdə cücərməyə başlayır. Toxumların daha yaxşı cücərməsi üçün normal temperatur 30 dərəcə selsidir. Qarpız işığa da tələbkar bitkidir, kölgəyə dözümsüzdür. Güclü kök sisteminə və köklərin yüksək sorma qüvvəsinə malik olduğu üçün quraqlığa davamlıdır.
2.3.4. Qabaq bitkisi
Boranıkimilər fəsiləsinə mənsub olub birillik sürünən gövdəli bitkidir. Vətəni Amerikadır. Güclü kök sisteminə malikdir. Əsas kökü torpağın 1,0-1,7 metr dərinliyinə gedir. Qabağın gövdəsi kola oxşar formalı və ya çox şaxələnən tağdır. Əsas gövdənin uzunluğu 0,5 metrdən 15 metrə qədər ola bilir (Şəkil 2.18). Yarpaqları iri, açıq və ya tünd-yaşıl rəngdə olur. Qabaq istiyə tələbkar bitkidir. Lakin qarpız və yemişə nisbətən soyuğa davamlıdır. Toxumları 13 dərəcə selsi istilikdə cücərməyə başlayır. Lakin əlverişli temperatur 26-27 dərəcə selsidir. 15 dərəcə selsidən aşağı istilikdə gövdənin və meyvənin böyüməsi dayanır, 1-2 dərəcə selsi şaxtada isə məhv olur. |
Göy noxud (tərəvəz noxudu), adi lobya (tərəvəz lobyası) və paxla.
2.4.1. Göy noxudun (tərəvəz noxudu) əhəmiyyəti və bioloji xüsusiyyətləriGöy noxudun (tərəvəz noxudu) əhəmiyyəti
Tərəvəz noxudunun cavan meyvələrində 5-7 faiz zülal, 5-7 faiz şəkər, kifayət qədər C vitamini vardır (Şəkil 2.19). Bu bitkilərin erkən toplanan cavan məhsulu qısa müddət ərzində hətta əti əvəz edə bilər. Toxumunda zülalın miqdarı 30-35 faizə çatır. Bu bitkilərin məhsulu təzə halda yeyilməklə yanaşı, konserv sənayesində də əsas xammal kimi istifadə edilir. Bütün paxlalılar kimi tərəvəz noxudu da köklərindəki bakteriyalar vasitəsilə havanın sərbəst azotunu mənimsədikləri üçün ən yaxşı sələf (özündən sonra əkilən bitki üçün torpağı zənginləşdirir, gücləndirir) bitkisi hesab edilir. Onlardan həm yem üçün, həm də yaşıl gübrə kimi (şumlanıb torpağa qarışdırılır) istifadə edilir. Paxlalı tərəvəz bitkiləri içərisində əsas yeri tərəvəz noxudu tutur.