Yemiş bitkisi boranıkimilər fəsiləsinə aid olub birillik sürünən ot bitkisidir. Vətəni Orta Asiya, İran və Əfqanıstandır. Kök sistemi əsas kökdən və onun üzərində əmələ gələn yan köklərdən ibarətdir. Əsas tağın uzunluğu 1 metrdən 4 metrə qədər ola bilər. Yarpaqları uzun saplaqlı və tüklüdür. Bir bitkinin yarpaqlarının sayı 100-dən 400-ə qədər ola bilir (Şəkil 2.16). Yemiş istiliyə, işığa, havanın quruluğuna və torpağın münbitliyinə (qidalılığına) tələbkar bitkidir. Toxumları 12-15 dərəcə selsidə cücərməyə başlayır. Toxumların cücərməsi üçün normal istilik 30 dərəcə selsi, ən yüksək isə 40 dərəcə selsidir. İstilik 15 dərəcə selsiyə endikdə bitkilərin inkişafı, 3-5 dərəcə selsidə isə boy atması dayanır. 1 dərəcə selsi istilikdə bitki məhv olur. Yemiş bitkisi çoxlu su buxarlandırır, lakin güclü kök sisteminə malik olduğuna görə quraqlığa davamlı bitkidir. Torpaq uzun müddət nəm olduqda yemişin kökləri çürüyür və bitki məhv olur. Yemiş torpağın münbitliyinə, xüsusən, kaliumla zəngin olmasına tələbkardır. Yemiş bitkisi hektardan 15 ton məhsul vermək üçün torpaqdan 173 kiloqram əsas qida maddələri mənimsəyir ki, bunun da 100 kiloqramı kalium, 36 kiloqramı azot, 17 kiloqramı fosfordur. Torpaqdan fosforu az götürməsinə baxmayaraq, yemişin normal inkişafı, meyvələrin tez yetişməsi və şirin olması üçün bu qida maddəsinin əhəmiyyəti böyükdür.
2.3.3. Qarpız bitkisiBoranıkimilər fəsiləsinə mənsub olub birillik sürünən ot bitkisidir. Geniş yayılmış 3 növə bölünür: süfrə qarpızı, yem qarpızı və yabanı qarpız. Qarpızın vətəni mərkəzi və cənubi Afrika sayılır.
Süfrə qarpızı - çox meyvələri və yastı, kənarlarında tikiş yeri olan toxumları ilə yemlik və yabanı qarpızdan seçilir. Tağı nazik, çox şaxəli və sürünəndir, üzəri yumşaq tükcüklərlə örtülüdür, 4-5 metrə qədər uzana bilir. Ana kökü 1 metrə qədər dərinliyə gedə bilir. Yarpaqları bozumtul yaşıl, alt tərəfdən tüklü və digər növlərə nisbətən az kəsimlidir (Şəkil 2.17).