Xiyar, yemiş, qarpız və qabaq (irimeyvəli qabaq, muskat qabağı, sərtqabıq qabaq və göy qabaq).
2.3.1. Xiyar bitkisinin əhəmiyyəti və bioloji xüsusiyyətləri
Xiyar bitkisinin əhəmiyyəti Xiyar müalicəvi əhəmiyyətinə görə qədim zamanlardan istifadə edilən və hazırda geniş yayılmış əsas tərəvəz bitkilərindən biridir. O, meyvələrinin dadı, ətri, qidalılığı və müalicəvi xüsusiyyətləri, həm təzə, həm də duza qoyulmuş halda bütün il boyu istifadə edildiyinə görə geniş yayılmışdır (Şəkil 2.15). Xiyarın çox hissəsini (94-97 faiz) su, yalnız 3-6 faizini quru maddə təşkil edir. Lakin quru maddənin tərkibində çoxlu miqdarda qiymətli birləşmələr vardır ki, onlar insan orqanizmi üçün lazım olan mineral duzlar, üzvi turşular, fermentlər, efir yağları və vitaminlərlə zəngindir. Xiyarın külündə kalium, natrium, maqnezium, fosfor, xlor, dəmir, kükürd duzlarına rast gəlinir. Həmin maddələrin əksəriyyəti çörək, ət, pendir və başqa yeməklərlə orqanizmə daxil olan bəzi yararsız turşuları zərərsizləşdirir. Müəyyən edilmişdir ki, xiyarın şirəsi orqanizmdə əmələ gələn bəzi şişlərə təsir göstərir, böyrəkdə olan daşları və sidik turşusunda olan birləşmələri əridir |
Bioloji xüsusiyyətləri
Xiyar boranıkimilər fəsiləsinə aiddir. Xiyarın 8 yarımnövü müəyyən edilmişdir. Xiyar inkişaf dövründən asılı olaraq istiliyə müxtəlif dərəcədə tələbkardır. Toxumun cücərməsi üçün yüksək istilik 20-25 dərəcə selsi tələb olunur. Cücərti alındıqdan sonra bitkinin istiliyə tələbatı nisbətən azalır. Xiyar bitkisi böyüməsi zamanı yüksək temperaturu sevir (20-30 dərəcə selsi). Çiçəkləmə dövründə isə bir qədər aşağı temperatur tələb edir. Meyvənin əmələ gəlməsi zamanı istiliyə tələbat get-gedə artır (25-28 dərəcə selsi), 35 dərəcə selsidən yuxarı temperatur bitkiyə mənfi təsir edir. Məhsuldarlığın artmasında havanın nisbi rütubətinin 90-100 faiz, torpağın nəmliyinin isə 85-95 faiz olması mütləq lazımdır.