Bioloji xüsusiyyətləri Bibər badımcankimilər fəsiləsinə aid olub birillik bitkidir. Bibər bitkisinin vətəni Mərkəzi Amerika ölkələridir. Onun kökü şaxəli, gövdəsi dikduran olub odunlaşmağa meyl edir. Meyvələrinin kütləsi 1,5 qramdan 450 qramadək ola bilir. Onların yetişmiş meyvələri ağ, açıq və tünd-yaşıl, tam yetişmiş meyvələr isə qırmızı, açıq-qırmızı, sarı, narıncı rənglərdə olur. Dadına görə bibərin sortları 3 böyük qrupa - acı, yarımacı və şirin sortlara bölünür. Bibər bitkisi istiliyə, rütubətə və torpağın münbitliyinə (qidalılığına) çox tələbkardır. Onun toxumu 20-25 dərəcə selsi istilikdə tez cücərir, 14-16 dərəcə selsidə isə cücərmə zəifləyir. Bibərin normal böyüməsi və inkişafı üçün ən yaxşı istilik dərəcəsi 20-25 dərəcə selsidir. Şaxtaya qarşı çox davamsızdır. Cavan bitkilər hətta 1 dərəcə selsi şaxtada məhv olur. Bibərdən yüksək məhsul almaq üçün onu münbit, qida maddələri ilə, xüsusən, azotla zəngin torpağa əkmək lazımdır. Duzlaşmış və ağır gilli torpaqlarda əkmək olmaz. 2.2.4. Kartof bitkisinin əhəmiyyəti və bioloji xüsusiyyətləri Kartof bitkisinin əhəmiyyəti Kartof əhali üçün qiymətli ərzaq sayılır. Əhalinin işlətdiyi ərzaq məhsulları içərisində çörəkdən sonra kartof ikinci yeri tutur. Kartofun tərkibində insan orqanizmi üçün lazım olan bir sıra qiymətli maddələr: nişasta, zülal, mineral duzlar və müxtəlif vitaminlər vardır (Şəkil 2.13). Belə ki, onun gövdə yumrusunda 75,0 faiz su, 20-45 faiz nişasta, 2 faiz zülal, 0,3 faiz şəkər, 0,15 faiz yağ, 1,0 faiz sellüloza (birləşdirici toxuma), 1,1 faiz kül, həmçinin, bir sıra vitaminlər vardır. İnsan orqanizmi C vitamininə olan tələbatının yarısını kartofla təmin edir. Kartofda C vitamini çox olduğu üçün qiymətli ərzaq məhsulu sayılır. |