Bioloji xüsusiyyətləri
Bitki badımcankimilər fəsiləsinə aiddir. Birillik bitkidir. Badımcan bitkisinin vətəni Hindistandır. Sonra isə Cənubi Amerika və Asiya ölkələrində becərilmişdir. XVII-XVIII əsrlərə qədər dekorativ (gül bitkisi) kimi məlum idi. Sonralar onu tərəvəz bitkisi kimi becərməyə başlamışlar. Badımcan Hindistandan Cənubi Yaponiyaya, Çinə, Əfqanıstana, Türkiyəyə və İrana keçmişdir. Rusiyaya XVII-XVIII əsrlərdə Orta Asiyadan və Həştərxandan yayılmışdır. XVIII əsrdə badımcan bitkisi Qafqazda becərilmişdir. Badımcan bitkisi becərildiyi il ərzində istiliyə, işığa, rütubətə və çürüntülü torpağa tələbkardır. Toxumun daha yaxşı cücərməsi üçün 20-25 dərəcə selsi istilik lazımdır. İstilik 30 dərəcə selsidən yuxarı, torpağın və havanın rütubəti az olduqda bitkinin qönçələri tökülür. Badımcan 15-18 dərəcə selsi temperaturda daha çox məhsul verir. 10 dərəcə selsidə məhsul vermə dayanır, 0 dərəcə selsidə məhv olur. Badımcan su sevən bitkidir. Torpaqda su çatışmadıqda bitkinin böyüməsi dayanır, gövdəsi odunlaşır və məhsuldarlıq aşağı olur. Badımcan bitkisini münbit qida maddələri ilə zəngin olan torpaqlarda becərmək lazımdır. Gilli, qrunt suları yaxın olan duzlu torpaqlarda badımcan bitkisini becərmək məqsədəuyğun deyil. Çünki bitki zəif inkişaf edir və məhsuldarlıq aşağı düşür.
2.2.3. Bibər bitkisinin əhəmiyyəti və bioloji xüsusiyyətləri
Bibər bitkisinin əhəmiyyəti Bibərdən yemək üçün həm yetişməmiş, həm də tam yetişmiş halda, təzə və konservləşdirilmiş şəkildə istifadə olunur. Şirin bibər dadı və qida əhəmiyyətinə görə pomidor və başqa tərəvəz məhsullarını ötüb keçir. Onun meyvələrindən həm tərəvəz konservlərinin hazırlanmasında, həm də bişirilmiş, pörtlədilmiş, qızardılmış və doğranılmış, həmçinin, təzə halda istifadə edilir (Şəkil 2.10). Acı bibərdən ədviyyat kimi və ya qurudulub narın döyülmüş halda, həmçinin, emal sənayesində və müalicə məqsədi ilə istifadə edilir (Şəkil 2.11). Bibər müxtəlif xörəklərdə işlədilir. Bibərin belə geniş istifadəsi onun zəngin kimyəvi tərkibə malik olmasından asılıdır (Şəkil 2.12). Belə ki, şirin bibərin tərkibində 8-10 faiz quru maddə, 1,3 faiz zülal, 3-8 faiz şəkər, 300 milliqram faiz C vitamini, həmçinin, A, B1, B2, PP və s. vitaminlər vardır. Bibərin kimyəvi tərkibi sortlardan və becərilmə şəraitindən asılı olaraq dəyişilir. |