Azərbaycan bitki örtüyünə görə dünyanın ən zəngin ölkələrindən biridir. Qafqaz florasında (təbiətində) mövcud olan bitkilərin 70 faizi burada yayılmışdır. Ölkəmizdə 4500-dən artıq bitki növü, həmçinin, meyvə-giləmeyvə və tərəvəz bitkiləri vardır. Azərbaycanda alkoloidli bitkilərin 600 (tərkibində azot olan bitki mənşəli üzvi maddələr), yodlu bitkilərin 200, dəmirlə, qlükozidlərlə zəngin bitkilərin 300-dən artıq formaları mövcuddur. Hələ lap qədim dövrlərdən burada meyvəçilik və tərəvəzçiliklə məşğul olmuşlar. Bizim eradan çox əvvəllər sarımsaq, noxud, kök, qarpız, qabaq və s. tərəvəz bitkiləri mədəni halda becərilmiş, əhalinin əsas məşğuliyyətlərindən və qida mənbələrindən biri olmuşdur.
Tərəvəz bitkilərinin biologiya və becərilmə qaydalarının, habelə istifadəsinin öyrənilməsini asanlaşdırmaq üçün onları müxtəlif cəhətlərinə görə qruplaşdırırlar. Qruplaşdırmalar, əsasən, botaniki təsnifat, yeyilən hissələrə və becərilmə qaydalarına (aqrotexnika) görə aparılır.
Tərəvəz bitkiləri, əsasən, çiçəyin quruluşuna görə botaniki cəhətcə təsnifatlaşdırılır. Mühüm mədəni tərəvəz bitkilərinin aid olduğu botaniki fəsilələr aşağıdakılardır: