Müasir dövrdə dünyanın bütün ölkələrində tərəvəz insanın gündəlik və əvəzedilməz qidasıdır. Uzun illər ərzində insanların müxtəlif tərəvəz məhsulları ilə daim qidalanması orqanizmin fiziki və zehni cəhətdən formalaşmasında, sağlamlığın qorunmasında, iş qabiliyyətinin yaxşılaşmasında, uzunömürlülüyün əldə edilməsində mühüm rol oynamışdır. Tərəvəzin davamlı qəbul edilməsi (yeyilməsi) insan orqanizmini ən vacib lazım olan maddələrlə təmin edir, iştahı artırır, həzmi asanlaşdırır, maddələr mübadiləsini, sinir sisteminin fəaliyyətini yaxşılaşdırır, xəstəliklərə qarşı dözümlülüyü artırır. Həyatda qeyri-normal qidalanma ilə əlaqədar olaraq insan orqanizmində olan xeyirli maddələrin daim azalması ürək-damar, mədə-bağırsaq, sinir xəstəliklərinin geniş yayılmasına gətirib çıxarır. Xüsusilə, ilin yaz, payız-qış dövrlərində insanlarda vitaminlərin çatışmaması dəmir, kalsium, yod və digər elementlərin də azlığı, orqanizmin adaptasiya (uyğunlaşma) sistemini zəiflədir və müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Ətraf mühit amillərinin təsirinə qarşı insan orqanizminin davamlı və möhkəm olması üçün cinsindən, yaşından, məşğuliyyətindən, sağlamlıq səviyyəsindən asılı olaraq insanlar özlərini keyfiyyətli qida ilə təmin etməlidir. Bu vacib problemin həllində tərəvəz, bostan məhsulları və kartofun istifadə olunması (yeyilməsi) çox vacib lazımdır. Bu məhsulların əsas keyfiyyəti onların tərkibinin zənginliyi ilə əlaqədardır. Bunlar, əsasən, şirəli məhsullar olub təzə halda və emal edilmiş (kompot, mürəbbə, cem və s.) şəkildə il boyu istifadə edilir (Şəkil 2.1, Şəkil 2.2, Şəkil 2.3). |