1.8.5. Papayya (Yemiş ağacı) tropik meyvə bitkisi
Çox qiymətli qida və müalicəvi əhəmiyyətli meyvə bitkisidir. Meyvələrində 85-88 faiz su, 11,7-14,4 faiz quru maddə, 8-12 faiz şəkər, 0,4-0,7 faiz zülal, 0,06-0,14 faiz turşu, 0,5-0,9 faiz kül elementi, C, A, D, B2, B6 vitaminləri vardır. Meyvələri təzə halda yeyilir, həmçinin, müalicəvi əhəmiyyətə malik olduğu üçün tibb sahəsində istifadə olunur. Papayya, əsasən, Seylon, Havay adaları, Florida, Cənubi Afrika, Hindistan, Filippin, Konqo, Uqanda, Braziliya, Meksika və Kubada becərilir. Papayyanın 20-dən artıq növü məlumdur. Bunlardan bir növü daha böyük praktik əhəmiyyət kəsb edir (Şəkil 1.74). Bu növün mənşəyi məlum deyil və yabanı halda rast gəlinmir. Güman olunur ki, bu növ digər növlərin təbii hibrididir (digər növlərdən yaranıb). Ən geniş yayılan sortları Solo, Blyustem, Betti sortlarıdır.
1.9. Meyvə bitkiləri üçün seleksiyanın əhəmiyyəti
Seleksiya sözü latınca Selectio - seçmə deməkdir. Seleksiya seçmədən bəhs edən bir elmdir. İnsanlar yabanı bitkiləri becərməyə və vəhşi heyvanları əhlilləşdirməyə başladığı çox qədim vaxtlardan seleksiyanın bünövrəsi qoyulmağa başlanmışdır. Seleksiya dedikdə praktiki olaraq mədəni bitki sortlarının yaxşılaşdırılması, həmçinin, yenilərinin yaradılması haqqında elm başa düşülür. Azərbaycanda geniş yayılmış meyvə bitkilərindən alma, qoz, fındıq, şabalıd və başqalarını misal göstərmək olar. Bu bitkilərin qədim zamanlardan becərilməyinə baxmayaraq, seleksiya işi bu bitkilərin becərilməsinə XX əsrin 20-ci illərindən başlanmışdır. Bağların məhsuldarlığını artırmaq üçün sortlar xüsusi əhəmiyyətə malikdir. Meyvəçilikdə seleksiyanın əsas məqsədi təsərrüfatın tələblərinə cavab verən yeni sortların hibridləşdirmə yolu ilə yaradılması və calaqla artırılmasıdır. |